Rektorun irəli sürdüyü təklif necə qarşılanır?

Dini jurnalistika ixtisasının yaradılması ilə bağlı fikirlər haçalanır

“Jurnalistlərin həm dini bilikləri, dinlərlə tanışlığı olmalı, həm də mövcud dini şəraiti, şərtləri bilməlidirlər”. Bunu ötən gün jurnalistlərə açıqlamasında Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov deyib. Rektor bildirib ki, Azərbaycan tolerant ölkədir və burada müxtəlif konfessiyaların nümayəndələri dinc və yanaşı yaşayırlar. İnstitut rəhbərinin fikrincə, dinlə bağlı yazılar, reportajlar hazırlayan media təmsilçiləri Azərbaycanda hansı dinə məxsus insanların yaşadığını, dini istiqamətləri mütləq bilməlidirlər.
Əks təqdirdə, dinlər arasında münasibətləri düzgün formalaşdırmaq olmaz: “Dünyada və ölkədə dinin coğrafiyasını və dini prosesləri dərindən bilməliyik ki, yarana biləcək problemlərin qarşısını alaq. Media mütəxəssisləri bu mövzuya çox həssas yanaşmalı, ölkəmizdə mövcud sabit mühitin mediada düzgün təbliğ olunmasına və işıqlandırılmasına çalışmalıdırlar”. 
“Radikal qruplar sosial şəbəkələr və internet vasitəsilə təbliğat aparırlar” 
Rektor vurğulayıb ki, media nümayəndələri hazırkı qloballaşma şəraitində dindən sui-istifadə cəhdlərinin qarşısının alınmasında aktiv olmalıdırlar: “Din çox həssas sahədir. Son illərin təcrübəsi də göstərir ki, dünyada buna görə böyük qarmaqarışıqlıqlar, etirazlar baş verib. Bu səbəbdən, jurnalistlərin həm dini bilikləri, dinlərlə tanışlığı olmalı, həm də mövcud dini şəraiti, şərtləri bilməlidirlər. Bu, yazı yazarkən ictimaiyyətə düzgün məlumat çatdıra bilmək, cəmiyyəti çaşdırmamaq üçün əsasdır”.
Ceyhun Məmmədovun fikrincə, bu gün sosial şəbəkələr də medianın tərkib hissəsindən biridir və əsla diqqətdən kənarda saxlanılmamalıdır: “Bəzi radikal, ekstremist qruplar sosial şəbəkələr, internet vasitəsilə öz təbliğatlarını aktiv şəkildə aparırlar. Bəzən gerçək kimliklərini gizlədərək saxta profillərlə dini duruma mənfi təsir göstərə biləcək paylaşımlar edirlər; kimisi dini ekstremizmi təbliğ edir, kimisi dini təhqir edir. Xüsusilə sosial mediada bu iki tərəf arasındakı uçurum böyükdür. Media bu sahədə də qətiyyətli olmalı, mövqeyini göstərməlidir. İnsanların biri-birinin inancına hörmət edən çağırışlara yer verilməlidir”.
“Dini jurnalistika adlı ixtisasın açılması məsələsinə baxıla bilər”
C.Məmmədov bəyan edib ki, hazırkı vəziyyəti qənaətbəxş hesab etmək olar. Lakin jurnalistlərin dini biliklərinin artırılması üçün müxtəlif seminar və treninqlərə ehtiyac var: “Hesab edirəm ki, magistratura səviyyəsi üzrə dini jurnalistika adlı ixtisasın açılması məsələsinə də baxıla bilər. Bu, xarici ölkələrin təcrübəsində mövcuddur. Dünya ölkələrində mətbuat və din arasında əlaqəyə maraq artmaqdadır. Bu səbəbdən də media və din sahəsində fəaliyyət göstərən araşdırma mərkəzləri yaradılır, akademik jurnallar və tədqiqatlar aparılır, hesabatlar hazırlanır, simpoziumlar və konqreslər təşkil edilir. Ölkəmizdə də jurnalistlərin dini mövzuda maarifləndirilməsi istiqamətində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi müxtəlif tədbirlər həyata keçirir”. 
“Dini mövzular həddən artıq həssas və mürəkkəbdir”
Rektorun diqqət çəkdiyi məqamı “Şərq”ə təhlil edən “Yeni Müsavat”ın dini mövzularla bağlı yazarı Kənan Rövşənoğlu dini mövzuların həddən artıq həssas və mürəkkəb olduğunu deyib: “Rektor Ceyhun Məmmədov magistr səviyyəsi üçün dini ixtisasların yaradılmasını təklif edib, bu barədə düşünəcəklərini söyləyib.
Dini mövzular digər sahələrə bənzəmir. Həm də bildiyiniz kimi indi dünyada hər sahədə  olduğu kimi jurnalistikada da artıq ixtisaslaşma formalaşır. Məsələn, mediada siyasət, iqtisadiyyat, bank sektoru, kənd təsərrüfatı, mədəniyyət və s. sahələrlə yanaşı din sahəsində də ixtisaslaşan jurnalistlər var. Bu variant əslində daha doğrudur. Açığı bilmirəm, bizim indiki təhsil sistemi rektorun təklifinin reallaşmasına imkan verər, ya yox. Amma bildiyim odur ki, Qafqaz Müsəlmanları İdarəsi və Dini Komitə jurnalistlər üçün kurslar təşkil edirlər”. 
K.Rövşənoğlunun fikrincə, jurnalistika fənni üçün əlavə dərslər və ya İlahiyyat İnstititunda jurnalistlər üçün kurslar təşkil oluna bilər: “Bununla az da olsa ixtisaslaşmanın təmin edilməsi mümkündür. Hər halda şahidi olduq ki, 21-ci əsrin ilk illərində dünyanın bir çox münaqişələrində dindən istifadə olundu. Bu səbəbdən dini mövzulara daha diqqətli və həssas yanaşma tələb olunur. Güman ki, təhsil və müvafiq qurumlar daha şəffaf və təsirli mexanizmlər düşünə bilər”. 
“İlahiyyat İnstitutunda ayrıca fakültə, yaxud kafedra açmağa ehtiyac yoxdur”
Məsələni “Şərq”ə dəyərləndirən Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət də bildirib ki, son dönəmlər bu sahəyə xüsusi diqqət ayrılır: “Yeni qurulmuş Azərbaycan İlahiyyat İnstitutu həqiqətən də bu sahədə yeni bir başlanğıcdır. Dini mövzulardan yazan jurnalistlərə, ümumiyyətlə, dini məsələləri işıqlandıran media orqanlarına gəlincə, mən də bununla bağlı rektorun narahatlığını bölüşürəm. Dinləri normal səviyyədə bilməyən, bu sahədə anlayışı olmayan müxbirlərin dindən yazması bəzən fəlakətlərə yol aça bilir. Ona görə də hesab edirəm ki, dini sahədə ixtisaslaşmış jurnalistikaya ehtiyac var idi. Amma bu ixtisaslaşma necə olmalıdır? Ümumiyyətlə, dini mövzularda yazan jurnalistləri hansı formada yetişdirmək lazımdır? Düşünürəm ki, bunun üçün İlahiyyat İnstitutunda ayrıca fakültə, yaxud kafedra açmağa ehtiyac yoxdur”. 
“İnstitut nəzdində dini jurnalistika kursları təşkil etmək mümkündür”
A.Həsrətin sözlərinə görə, ən yaxşı metod hazırda fəaliyyət göstərən və dini jurnalistika üzrə ixtisaslaşmaq istəyənlərin qayğısına qalmaq, onlara şərait yaratmaqdır: “Bunun üçün İlahiyyat İnstitutunun nəzdində dini jurnalistika məktəbi, yaxud da dini jurnalistika kursları təşkil etmək mümkündür. İlk dövrlər üçün bu kursları pulsuz, daha sonra isə pullu etmək olar. Dindən yazan jurnalistləri bu kurslara cəlb edərək bir neçə həftəlik treninqlər, seminarlar keçmək lazımdır.
Orada dindən yazan jurnalistlərə əlavə dini bilgilər verməklə yanaşı, həm də “din və media”, “dini mövzuların düzgün işıqlandırılması”, “mətbuat azadlığı və din” mövzularını da dərindən aşılamaq mümkündür. Düşünürəm ki, Ceyhun müəllim bu istiqamətdə təşəbbüslər irəli sürərsə, biz də media təmsilçiləri, eyni zamanda Mətbuat Şurasının üzvü olaraq bu işə yaxından dəstək verəcəyik. Bu işə mütləq Mətbuat Şurasını da cəlb etmək lazımdır. Çünki MŞ Azərbaycanda media məsələlərinin önündə gedən bir qurumdur. O baxımdan C.Məmmədovun təklifini dəstəkləməyə hazıram”. 
“İnstitutda dini bilgisi olan jurnalistlərin yetişdirilməsi çox vacib məsələdir”
İlahiyyat üzrə fəlsəfə doktoru Rəşad Məmmədov da “Şərq”ə açıqlamasında İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədovun fikirləri ilə tam razı olduğunu deyib: “Ümumiyyətlə, İlahiyyat İnstitutu hər bir sahədə mütəxəssis yetişdirməlidir. Həmin mütəxəssislərin dini bilgisi yüksək olduğu üçün kənar qüvvələr və missionerlər ölkəmizdə mənfi təbliğatlarını asanlıqla həyata keçirə bilməyəcəklər. Dini bilgisi olmayan, yaxud çox az olan jurnalistlər yazılarında yanlışlığa yol verə bilərlər. Azərbaycanda bu gün dini sabitlik hökm sürür. Bütün dinlər təbliğlərində və fəaliyyətlərində azaddır. Lakin islam dini ilə bağlı məsələdə daha həssas olmaq lazımdır. Ənənəvi din və xurafatla mübarizə aparmaq vacibdir. Bildiyiniz kimi, missionerlər dini məsələdə ən çox xurafatın təbliğatı ilə öz planlarını qurur və hədəfə çata bilirlər. Xurafat və ənənəvi dinlə mübarizə üçün İlahiyyat İnstitutunun üzərinə vacib vəzifə düşür. Buna görə də İnstitutda dini bilgisi olan jurnalistlərin yetişdirilməsi çox vacib məsələdir”. 
“Dini sahədə yetişdirdiyimiz jurnalistə hansı istiqamətdə dini bilgiləri öyrədəcəyik?!”
Tanınmış jurnalist Əziz Əlibəyli də “Şərq”ə bildirib ki, rektorun irəli sürdüyü təklif müsbətdir: “Çünki gec-tez bizim də jurnalistika ixtisaslaşacaq, funksionallaşacaq. Ümumi xəbər qazanına malik mətbu orqanlar sıradan çıxmaqdadır. Bu məqam dini sahədə yazan jurnalistlərə də aiddir. Konkret sahəni elə bilməlisən ki, o sektorun mütəxəssisi qədər dərin bilgilərə sahib olasan.
Amma bizdəki problem bu sahədəki boşluqdan daha çox dini sahənin özü ilə bağlıdır. Dini sahədə yetişdirdiyimiz jurnalistə hansı istiqamətdə dini bilgiləri öyrədəcəyik?! Bir halda, din özü konfrantasiya yaşayır, ziddiyyətlərlə doludur, sektalar, təriqətlər arasında boğulur. Bəs biz bunu necə tənzimləyəcəyik? Mənim bu sahəni seçən adama indidən yazığım gəlir. Dəqiq olmayan bir sahədə ekspert olmaq və onunla bağlı yazılar yazmaq - heç cür uyğunluq tapa bilmirəm”.