Zərif Trampı ittiham etdi: “Xəstələrimizin müalicəsinə dərman tapılmır”

İranın Xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ-ın nüvə razılaşmasından çəkildikdən sonra həyata keçirdiyi sanksiyaları aradan qaldırsa, diplomatic danışıqların yolunun açılacağını söyləyib

Sherg.az xəbər verir ki, ABŞ-ın NBC televiziyasına danışan Zərif Ağ ev rəhbəri Donald Trampın president seçildikdən sonra İrana qarşı tətbiq etdiyi iqtisadi sanksiyaların mülki əhalini hədəf aldığını deyib: 
“ABŞ sanksiyaları İrandakı bir çox xəstənin müalicəsinə əngəl yaratdı. Biz müharibə istəmirik. ABŞ da İran xalqını hədəf almaqdan imtina etməlidir. Xərçəng və digər xəstəlikdən əziyyət çəkənlər, xəstə uşaqlar müalicə üçün dərman tapa bilmirlər. Bir çox dərmanı ölkəmizdə istehsal edirik, amma bəzi xəstəliklər var ki, onlar üçün dərman istehsal edə bilmirik. ABŞ da bu tip dərmanların İrana idxalını əngəlləyir. Bizim xalqımızı bezdirən bu vəziyyət artıq sona çatmalıdır”.
Zərif ölkələr arasındakı gərginliyin müharibə ilə nəticələnə biləcəyi potensialını da dəyərləndirib: “Prezident Trampın müharibə istədiyini düşünmürəm. Amma ətrafında savaşdan narahat olmayan insanların olduğu qənaətindəyəm. Onların da istəklərinə nail olacaqlarını hesab etmirəm. Çünki günün sonunda ağılın hakim olacağı qənaətindəyəm. Hər kəs İranın böyük və qürurlu ölkə olduğunu, hərbi basqını qəbul etməyəcəyini bilir”.