O kənddə uşaqlar məktəbə getməyəcək


Binanın qəzalı olması valideynləri əndişəyə salıb

Ekspert isə deyir ki, 2-3 aya Digah kəndinin problemini həll etmək olar

Bir millətin inkişafı, yaşaması üçün onun təhsili güclü olmalıdır. Çünki milləti məhv etmək üçün onun təhsil sistemini iflic etmək yetərlidir. Bu gün dövlətlərin ideoloji hədəflərindən biri təhsilinin inkişafına kapital qoymaqdır. Çünki bura qoyulan vəsait itmir, əksinə, dövləti bərkidir.  Dünya təhsilinin inkişafının bu qədər irəlilədiyi dönəmdə ölkəmizin bəzi bölgələrində hələ də istifadəyə yararsız vəziyyətdə olan məktəblər var.

Quba rayonunun Digah kənd məktəbi də belələrindəndir. Bir müddət əvvəl "Sputnik Azərbaycan" həmin məktəbdəki dözülməz şərait barədə məlumat vermişdi. Üstündən xeyli vaxt keçsə də, sözügedən məktəbin vəziyyətində heç bir dəyişiklik olmayıb. 

Bu günlərdə Quba rayonunun Digah kənd sakinləri F.Həmzəyev adına kənd məktəbinin tamamilə yararsız vəziyyətdə olması ilə əlaqədar yenidən "Sputnik Azərbaycan"a müraciət ediblər. Kənd sakini Adil Qurbanov yeni tədris ilində övladlarını məktəbə göndərməyəcəklərini bildirib. O qeyd edib ki, övladlarının təhsili onun üçün vacibdir. Amma onların sağlamlığı təhsildən də vacibdir.

"Məktəb o qədər yararsız haldadır ki, orada təhsil almaq şagirdlərin sağlamlığı üçün təhlükəlidir. Ona görə də, düşünürük ki, növbəti dərs ilində uşaqları məktəbə göndərməyək" - deyə Qurbanov bildirib

Kəndin digər sakini Aqil Ağasıyev isə deyib ki, Digah Qubanın ən böyük kəndlərindən sayılır. 500-ə yaxın şagirdin təhsil aldığı məktəbin tövlədən fərqi yoxdur: "Kənd camaatının çoxu qərara alıblar ki, dərs başlayanda uşaqları məktəbə yollamasınlar. Sabah hansısa güclü  təbiət hadisəsi baş versə, məktəb çökəcək. Bu hal şagirdlərin məktəbdə olduqları zaman baş verərsə, buna kim cavabdeh olacaq?".

Kənd sakini aidiyyəti qurumlardan səslərinə səs verməyi xahiş edir: "Dəfələrlə uşaqların ayağı məktəbin döşəməsindəki qırıq yerlərə düşüb qırılıb. Nəticədə uşaqlar aylarla məktəbə gedə bilməyiblər. Yeni modul tipli məktəbdən dərslər başlayana qədər bizim kənddə də quraşdırsınlar".

Kənd sakini Nofəl Əliyev də aidiyyəti qurumlardan bu məsələyə əncam çəkmələrini tələb edir: "Əgər yeni tədris ilinə qədər məktəb təmir olunmazsa, oranın şagirdi də olmayacaq.

Çünki bizə başqa seçim qoymurlar. Təhsil nə qədər vacib olsa da, övladlarımızın sağlığı hər şeydən vacibdir. Səlahiyyətli şəxslər bu məsələyə əncam çəkməlidirlər, əks təqdirdə kənddə təhsil olmayacaq!".

Digah kəndinin bütün sakinləri sözü bir yerə qoyaraq, məktəb əsaslı təmir olunmasa, sentyabrda uşaqları məktəbə göndərməyəcəklərini bildiriblər. 
"Sputnik Azərbaycan" məsələ ilə bağlı Təhsil Nazirliyinə müraciət edib. Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib ki, sözügedən məktəbin vəziyyətindən xəbərdar deyil. Bununla belə, əgər kənd sakinləri onlara problemlə bağlı yazılı müraciət etsələr, Təhsil Nazirliyi problemi həll etməyə çalışacaq. 

Digah sakinləri ümid edirlər ki, kənd məktəbi yeni dərs ili başlayana qədər əsaslı təmir olunacaq və sakinlər heç nədən qorxmadan övladlarını təhsil dalınca göndərə biləcəklər.

Məsələylə bağlı təhsil eksperti Kamran Əsədovla əlaqə yaratdıq. «Şərq»ə  açıqlama verən Kamran Əsədov «Təəssüflər olsun ki, bu gün ölkədə 4472 təhsil müəssisəsi fəaliyyət göstərsə də, onların 3200-ə yaxını dövlət büdcəsinin hesabına təmir olunub. Ancaq hələ də təmirə  ciddi şəkildə ehtiyacı olan məktəblər var.

Bu tipli məktəblərin sayı çoxdu. Söhbət ondan gedir ki, hər an qəza nəticəsində ağır faciəyə səbəb ola biləcək məktəblər kifayət qədərdi. Dövlətə vaxtında qəzalı vəziyyətdə olan məktəblərlə bağlı məlumat verildikdə onlar vaxtında ölçü götürür və təmir işlərini həyata keçirirlər.

Məsələ ondadır, Təhsil Nazirliyi vaxtında qəzalı məktəblə bağlı dövlət qurumlarına məlumat versəydi, komissiya yaradılar və ən azı təmir işlərinə başlanardı. Ölkədə hazırda 1000-ə yaxın qəzalı vəziyyətdə, hər an dağıla biləcək məktəblər var. Təbii ki, haqlı olaraq da  valideynlər belə məktəblərə övladlarını göndərməkdən imtina edirlər.

Valideynlər tələblərində haqlıdırlar. Təəssüf ki, ölkədə qəzalı vəziyyətdə olan məktəbləri qısa müddət ərzində istismara gətirmək üçün modul tipli məktəb layihəsinin  həyata keçirilməsi ləngiyir. Burda çox ciddi yeyinti işləri də özünü göstərir. 50-60 min manatlıq  məktəbin tikintisi üçün 300 min manatlıq smeta çıxarılır, yeyilir. Ona görə də ilk növbədə qəzalı vəziyyətdə olan məktəbləri  2-3 ay ərzində modul tipli məktəblərlə əvəzləmək mümkündür. Yəni qısa müddətdə bu məktəblər təmir edilir, qəza vəziyyətindən çıxarılır. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən hər bir kəsin təhsil almaq hüququ var.

Amma təəssüflə qeyd edək ki, bəzi məmurlar və ya qurumlar bu qanunu ciddi şəkildə pozurlar. Dövlət büdcəsinin kifayət qədər vəsaiti var. Ölkə başçısı vətəndaşının yaxşı məktəblərdə təhsil alması üçün maraqlıdır. Hətta dövlət başçısı və  birinci vitse-prezident dəfələrlə məktəblərin açılışında iştirak ediblər. Bu da onu sübut edir ki, dövlət hər bir vətəndaşın təhsil almasına şərait yaradır, buna maraqlıdır.

Qəzalı vəziyyətdə olan məktəblərdə uşaqların təhsil alması təhlükəlidir. Bu  problemin aradan qaldırılması üçün modul tipli məktəbləri tikmək mümkündür. Bunun üçün 2-3 ay yetərlidir. Məktəblərdə faciələrin qarşısını almaq üçün qəzalı məktəbləri modul tipli məktəblərlə əvəzləmək mümkündür. Yəni bu kimi məktəbləri 2-3 ay ərzində tam yararlı vəziyyətə salmaq olar.

Böyük işçi qüvvəsi cəlb etməklə qısa zamanda,  ən azı dağılmış yerləri bərpa etmək, məktəblilər üçün  normal şərait yaratmaq vacibdir. Sadəcə işləmək və məsuliyyətlə işə yanaşmaq lazımdır».