"Keşikçidağ" təxribatı: Üçüncü qüvvə Gürcüstan-Azərbaycan münasibətlərinin pozulmasında maraqlıdır

“Azərbaycan və Gürcüstan qonşu və strateji müttəfiq dövlətlərdir”. Bunu “Sherg.az”a açıqlamasında millət vəkili, siyasi elmlər doktoru Hikmət Babaoğlu deyib

Deputat bildirib ki, əslində iki ölkə arasında heç bir problem yoxdur: 

“Sadəcə sərhədlərin delimitasiya prosesində ortaya çıxan bəzi məsələləri gürcü və Azərbaycan cəmiyyətinə problem kimi təqdim etməyə çalışan və bundan öz mənafeələri üçün istifadə etmək istəyən üçüncü tərəf və güc mərkəzi var. Çünki iki Cənubi Qafqaz ölkəsi müstəqil siyasət həyata keçirir. Bu dövlətlərin müstəqil olması, öz resurslarından milli maraqları üçün istifadə etməsi bəzi dairələrin xoşuna gəlmir. Ona görə də “ictimai fəal” adı altında bir qrup təxribatçı qüvvələr ya bilərəkdən, ya da bilməyərəkdən Azərbaycan-Gürcüstan sərhəddində müəyyən insidentlər yaratmağa çalışırlar. Ancaq Gürcüstan və Azərbaycan hökumətinin təmkinli mövqeyi və görülən ağıllı tədbirlər bunun qarşısını alır. Unutmaq olmaz ki, hər iki ölkənin gələcəyi və inkişafı bir-biri ilə səmimi dost və müttəfiq olmaqdan keçir. Biz müttəfiq olmağa məhkumuq”. 

Parlament üzvünün sözlərinə görə, Gürcüstanda strateji düşünməyi bacaran insanlar bunu görür və yüksək qiymətləndirirlər

“Düşünürəm ki, delimitasiya başa çatana qədər müxtəlif cəhdlər yenə ola bilər. Amma hər iki ölkənin dövlət və hökumət rəsmiləri buna qarşı müvafiq tədbirləri vaxtında alırlar. Heç bir qüvvə Gürcüstan-Azərbaycan münasibətlərini korlaya bilməz. Əfsuslar olsun ki, bu hadisədən “ictimai qəhrəmana” çevrilmək istəyən ayrı-ayrı sosial şəbəkə istifadəçiləri var. Onlar bir qədər popilizmdən uzaq olsalar və məsələnin mahiyyətinə diqqət yetirsələr, daha yaxşı olar. O zaman görəcəklər ki, bu cür hadisələr nə Gürcüstanın, nə də Azərbaycanın milli maraqlarının lehinədir”.