Daha bizdə SİRR QALMADI - “Facebook”un gözəgörünməz tələsi 

“Facebook”da paylaşılan fotolara baxıb, tanıdığımız birinin gün ərzində hansı işlə məşğul olduğunu, hara getdiyini, nə yediyini bilmək o qədər də çətin deyil” 

“Bu halların yaşanması o deməkdir ki, gənclərimiz böyük mənəvi böhran yaşayırlar”


Sosial şəbəkələr gündəlik həyatımızın bir hissəsidir. Tanıdığımız insanların əksəriyyəti sürdüyü həyat tərzini paylaşdıqları şəkillərlə nümayiş etdirir. Bəziləri hətta yedikləri yeməyin belə şəklini çəkib paylaşır. Beləliklə, tanıdığımız birinin gün ərzində hansı işlə məşğul olduğunu, hara getdiyini, nə yediyini bilmək o qədər də çətin deyil. 
Son zamanlar dəb halını alan məqamlardan biri də yeni evlənən cütlüklərin paylaşdıqları fotolardır. Belə cütlüklər gəzib-gördükləri yerləri, qol-boyun çəkdirdikləri səmimi şəkilləri hər kəslə paylaşmağı, sanki, özlərinə borc bilirlər. 
Marqlıdır, bu, nə dərəcədə doğru tendensiyadır? 
Sualımızı cavablandıran sosioloq-alim Əhməd Qəşəmoğlu “Sherg.az”a açıqlamasında bu cür hadisələrin ağlamalı hal olduğunu qeyd edib.
Sosioloq bildirib ki, insanların şəxsi həyatlarına dair özəl məqamları hər kəslə paylaşması xoşagələn deyil:“Belə hadisələrin hamısı toplumun indiki vaxtdakı səviyyəsindən xəbər verir. Ona görə də bu halların yaşanması o deməkdir ki, gənclərimiz böyük mənəvi böhran yaşayırlar. Çünki, insan savadlı, öz işinə alüdə olduqda özünü daha çox əməli və fəaliyyəti ilə təsdiq edir. Kimsə yaradıcı əməklə, adına şərəf gətirən işlə məşğul deyilsə, bütün günü şəkillər paylaşmaqla başını qatır.
Çünki, hər insanın mahiyyətinə görə, özünü təsdiq etmək tələbatı var. Uşaq hələ beşikdən başlayaraq özünü göstərmək, təsdiq etmək, “mən də varam” demək istəyir. İnsanlar özlərini savadı ilə sübut etsələr, cəmiyyət başqa cür inkişaf edər və mənasız şəkillərin paylaşılmasına ehtiyac qalmaz. Savadı olmayanlar isə özlərini işi, dünyagörüşü, qabiliyyəti ilə təsdiq edir. Mənəvi cəhətdən zənginləşən biri insana xas olan keyfiyyətlərə sahib olur. Belələri özünü nümayiş etdirməyə ehtiyac duymur”.
Sosioloqun sözlərinə görə, yaxşı olardı ki, yeni ailə quran gənclər öz işləri, arzuları, bir-birilərinə olan münasibətləri ilə bağlı fikir mübadiləsi aparsınlar:
“Həmin cütlüklər oxuduqları bir kitabla bağlı da müəyyən müzakirələr apara bilərlər. Amma bütün bunlar yoxdur. Belə hallar olmadıqda isə insanlar sosial şəbəkələrdə fotolar paylaşmaqla məşğul olurlar. Məsələn, bir var çox dərin şəxsiyyətli, bir də var ki, heç bir savadı olmayan və yüngül həyat tərzinə uyan müğənni. Ciddi müğənni çalışır ki, ortaya yeni yaradıcılıq məhsulu qoysun və göstərsin ki, nələri bacarır və musiqimizi necə zənginləşdirir.
O biri müğənni isə  yediyi yeməyi, getdiyi yerləri paylaşır. Onun yaradıcılığı ilə bağlı heç bir paylaşımı olmur. Belələri özlərini bir şəxsiyyət kimi təsdiq etmir. Təəssüf ki, bu cür hallar olduqca ürəkağrıcıdır”.