Seyfəddin Dağlının oğlu “Şərq”də... - Atasının əşyalarını muzeyə hədiyyə etdi

“Şərq” qəzetinin nəzdində yaradılmış Mətbuat Muzeyinin növbəti qonağı tanınmış jurnalist, yazıçı-dramaturq Seyfəddin Dağlının oğlu Bəhlul Abbasov oldu. Redaksiyamıza təşrif buyuran qonağı qəzetimizin baş redaktoru Akif Aşırlı qarşılayıb. Muzeyin ərsəyə gəlməsi haqda danışan baş redaktor bildirib ki, burada Azərbaycan mətbuatının bütün mərhələlərini əks etdirən dəyərli eksponatlar toplanıb.

Eksponatlarla tanışlıqdan qabaq qonaqla baş redaktor arasında kiçik dialoq baş tutub.

Akiş Aşırlı: “Hər zaman Seyfəddin Dağlının yaradıcılığını yüksək qiymətləndirmişəm. Atanız gözəl yazıçı və jurnalist kimi yaddaşlarda xoş xatirələrlə yaşayır. Seyfəddin müəllim həqiqətən də satirik mətbuatımızın korifeylərindən biridir. O, uzun illər ərzində “Kirpi” jurnalında baş redaktor kimi fəaliyyət göstərib. Ümumiyyətlə, “Kirpi” jurnalı satirik mətbuatımızın inkişafında xüsusi rola malikdir”.

Bəhlul Abbasov: “Yaratdığımız muzey çox xoşuma gəldi. Hesab edirəm ki, burada kifayət qədər böyük işlər görülüb. Mətbuat tariximizin unudulmaması üçün göstərdiyiniz səylərə görə sizə minnətdarlığımı bildirirəm”. 

Daha sonra isə redaksiyamıza əlidolu gələn qonağımız atasına məxsus bəzi şəxsi əşyaları muzeyə hədiyyə edib. Həmin əşyalar içində mərhum jurnalistin qol saatı, çalışdığı mətbu orqanlara aid iş vəsiqələri, qələm qabı və bəzi sənədlər var.

Qeyd edək ki, Seyfəddin Dağlı Azərbaycan ədəbiyyatını öz əsərləri ilə zənginləşdirən və ədəbiyyatımızın inkişafında böyük xidmətlər göstərmiş yazıçılardan biridir. O, 1959-1976-cı illərdə “Kirpi” jurnalında baş redaktor, “Azərbaycanfilm” kinostudiyasında ssenari redkollegiyasının üzvü, “Yazıçı” nəşriyyatında redaktor kimi işləyib.