“Qarabağ problemini həll edə bilərik, amma inhisarçılığı yox” - SƏRT AÇIQLAMA

“Bu gün içdiyimiz çayın, yediyimiz yağın tərkibi zərərlidir və əksəriyyəti palma yağıdır” 

“Ölkədə dənizdən balıq çıxmır, amma hər yerdə balıq satılır. Ona görə də Azərbaycanda onkoloji xəstəliklərin sayı 3 dəfə çoxalıb”
Şəmkirdə 210 kq yarasız ət aşkarlanıb. Daxili İşlər Nazirliyi (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşları Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri ilə birgə Şəmkir rayonunda reyd keçirib.
Sabirkənd kənd sakini Y.Sadıqovanın yaşadığı evin həyətyanı sahəsinə baxış zamanı oradan yaxın qohumu E.Sadıqova məxsus öldükdən bir müddət sonra kəsilib, 210 kiloqram çəkidə inək əti aşkar edilərək götürülüb. 
Baş verənlərlə bağlı “Sherg.az”a danışan millət vəkili Fazil Mustafa bildirib ki, Azərbaycanda yarasız ət satışınının qarşısını almaq mümkün deyil.
Deputat qeyd edib ki, ölkəmizdə ilk növbədə inhisarçılıq aradan qaldırılmalıdır:
“Ümumiyyətlə, qida üzərində inhisarçılıq olmalı deyil. Qida sahəsində kiməsə imtiyazlar verilirsə, həmin şəxs gedib xarab əti, südü, qatığı və digər məhsulları xalqa sırıyacaq. Beləliklə xalq məhv olub gedəcək. Bu gün içdiyimiz çayın, yediyimiz yağın tərkibi zərərlidir və əksəriyyəti palma yağıdır .
Yağların 10 faizində inək yağının əlamətləri olarsa, böyük tapıntı sayılır. Həmçinin satılan südlərin tərkibində də eyni durum müşahidə olunur. Azərbaycan xalqını inhisarçılığa qurban vermək olmaz.
Bu vəziyyətə hansısa agentlik nəzarət etsə də,  xeyri yoxdur. Çünki həmin agentliyin baş verənlərə təsir etmək imkanı yoxdur. Ona görə də olduqca çıxılmaz durumdayıq.
Bəlkə də, Qarabağ problemini həll edə bilərik, amma ölkəmizdəki inhisarçılığı yox. Məhz bu səbəbdən qida sahəsində problemlər davam edəcək. Çünki gedib xarab ətləri gətirirlər. Ölkədə dənizdən balıq çıxmır, amma hər yerdə balıq satılır.
Ona görə də Azərbaycanda onkoloji xəstəliklərin sayı 3 dəfə çoxalıb. Bu o deməkdir ki, Azərbaycanda onkoloji xəstəliklər artıq qrip kimi yayılır. Bu sahədə olan problemlər çözülməlidir. Yoxsa belə xoşagəlməz hallar davam edəcək. Şəmkirdə yarasız ət aşkara çıxarılıb. Lakin aşkara çıxarılmayanı da var. Acınacaqlı bir vəziyyətdir.
Bu sahədə heç bir nəzarət mezanizmi yoxdur. Nəzarətin olması da mümkün deyil.
Çünki aidiyyətı qurumların inhisarçılara qarşı dirəniş göstərmək səlahiyyətləri yoxdur”.