Elşad Miridən tutarlı cavab:“ İslamın ilk şərti namaz, oruc, zəkat, həcc deyil..." 

Bir neçə gün əvvəl tanınmış şair Aqşin Yeniseyin Feysbuk profilində ilahiyyatçı-alim Elşad Miri barədə yazdığı status sosial şəbəkə istifadəçilərinin geniş müzakirəsinə, bir qisminin isə etirazına səbəb olub. Sözügedən statusda A.Yenisey ilahiyyatçını bir məsələdən dolayı ittiham edərək, yarı ciddi, yarı zarafat onu insanların başını “dinlə yumaqda” suçlayıb. Şairin narazılıq doğuran statusu digər şəxslər tərəfindən də dəfələrlə paylaşılıb: “Dostumuz Elşad Miri ilə ANS-dəki debatımız yəqin ki, çoxlarının yadındadır. Mən deyəndə ki, Səudiyyə Ərəbistanında universitet yoxdur, dindar qardaşımız az qaldı studiyanı partlatsın. Bayaq bir dostumuz E.Mirinin övladını ABŞ universitetlərinin birinə yola salarkən çəkdirdiyi şəkli atıb mənə ki, bu da o debatın axırı. Gənc tələbəyə uğurlar arzu edib, demək istəyirəm ki, düzgün seçim edib. Son 500 ildə islam dünyası heç bir yeni ideyaya imza atmayıb. Bele görünür, heç 500 il bundan sonra da atmayacaq. Sadəcə öz övladımızı ABŞ-a oxumağa göndərib, başqalarının övladının beynini dinlə yumağa, ən azı, ata olaraq heç birimizin haqqı yoxdur”. 

Bundan sonra ilahiyyatçı-alim Elşad Miri sosial şəbəkədə onu ittiham edən ateistlərə və qızı haqqında nalayiq sözlər yazan “dindar”lara video materialla geniş cavab verib. İlahiyyatçı ailəsinə dil uzadanların əsl İslamla əlaqələrinin olmadığını, onların uydurulmuş dini yaşadıqlarını bildirib: 
“Allah müsəlman Şərqində ilk qız məktəbi quran Hacı Zeynəlabidin Tağıyevə rəhmət etsin. Böyük qızım Məryəmi ABŞ-ın İowa Universitetinə göndərməyimlə bağlı paylaşdığım şəkil həm dindarlar, həm də dinsizlər tərəfindən tənqidlə qarşılandı. Dinsizlərin məsələyə münasibətini sonra qeyd edəcəm. İlk olaraq dindarların nümayiş etdirdiyi mövqe ilə bağlı fikirlərimi paylaşmaq istəyirəm. Çünki bəzi “dindarlar” dinsizlərdən fərqli olaraq qızımla olan fotoma daha aqressiv yanaşdılar. Sosial media vasitəsi ilə qızımın geyiminə, saçının açıq olmasına ağızlarına gələni yazdılar. Hətta qızımı ABŞ kimi uzaq bir ölkəyə təkbaşına göndərməyimi tənqid etdilər. İnanın, tənqid sözü onların münasibəti qarşısında daha yumşaq ifadədir. Çünki onlar bu düşüncəni Səudiyyə Ərəbistanında mövcud olan dini anlayışdan mənimsəyiblər. Günümüzdə adı çəkilən dövlət 45 yaşı tamam olmayan qadınları yanlarında birinci dərəcəli kişi qohumu olmadan nə Həcc, nə də Ümrə ziyarətinə buraxırlar”.
E.Mirinin sözlərinə görə, klavyatura arxasında müxtəlif adlarla “cihad” edən dini darlarların dinsizliyi əslində onların əməllərindən və yazdıqlarından bəlli olur
“Dinin üniforması olmadığı halda bunlar dindara geyimə görə qiymət verirlər. Belələri dini o qədər qəlizləşdirib və o qədər nifrət ediləcək hala gətiriblər ki, savadlı və dünyagörüşlü gənclərimiz bu cür şəxslərin səhv yanaşması nəticəsində dindən uzaqlaşıblar. Özünü dindar hesab edənlərdən soruşmaq istəyirəm. Uca Allah “Quran”ın “Bəqərə” surəsində məcburiyyətin olmadığını buyurmurmu? Elə isə niyə siz məcbur etməkdən bəhs edirsiniz. Cavab verin, burada Allah düz buyurur, yoxsa uşaqların uşaqlığını zorla əlindən alaraq dindar görünməyə çalışan valideynlər? Peyğəmbərin sünnəsini yaşadığını iddia edən bu əxlaqsızlardan soruşmaq istəyirəm. Sonuncu Peyğəmbərimizin hansısa qadının və ya qızın saçının açıq olması ilə bağlı tənqidinə, təhqirinə rast gəlmisinizmi?”. Bir nəfər yazıb ki, “qızını saçı-başı açıq, dar şalvarda Amerikaya yola salan ataya bizim tərəfdə dəyyus deyirlər”. Təsəvvür edirsizmi, bunu yazanlar “dindar” olduqlarını, guya Peyğəmbərdən nümunə götürdüklərini iddia edən şəxslərdir. Əgər bir din şərəfsizi şərəfli, əxlaqsızı əxlaqlı edə bilmirsə, həmin din Allahın göndərdiyi din deyil. Əgər bir din biqeyrəti, qeyrətli edə bilmirsə, o din Peyğəmbərin təbliğ etdiyi din deyil. Bu din insanların uydurduğu uydurulmuş dindir. Çünki Allahın endirdiyi dində bu şərəfsizliyə, əxlaqsızlığa rast gələ bilməz”. 
İlahiyyatçı dinsizlərin qızının təhsili ilə bağlı yazdıqlarına da münasibət bildrib: 
“İlk statusu Tariyel adlı bir dinsiz yazmışdı, amma sildi. Ondan sonra 2012-ci ildə ANS-də mənimlə debata çıxmış Aqşin Yenisey məlum statusu paylaşdı. Debatın üstündən 7 il keçməsinə baxmayaraq, Aqşin bəy hələ də verilişin təsirindən çıxa bilməyib. Mən həmin debatda uşaqlarımızın Səudiyyə Ərəbistandakı universitetlərə göndərilməsini söyləməmişəm. Sadəcə Ərəbistanda universitet olmadığını iddia edən, dünyagörüşü yoxsul bir şairə bunun yanlış olduğunu isbat etmişəm”. Azər Qasımov adlı bir istifadəçi statusun altına şərh yazıb və iddia edib ki, guya mən ateistəm, sadəcə dindən pul qazanaraq kütləni idarə edirəm. Onun kimi adamlara demək istəyirəm ki, əgər mən sizin qədər ateistəmsə, o zaman siz də ən azından mənim qədər dindar olun. Bu işdən pul qazandığımı iddia etmək əsassızdır”. 
E.Miri jurnalist Vüsal Məmmədovun onun qızı ilə fotosunu paylaşmasını və “1news.az” saytına müsahibə verməsini də geniş şərh edib
“Vüsal Məmmədov məni Amerikanı lənətləməkdə ittiham edib. O, hələ bilmir ki, mən ABŞ-dakı bir proqramın məzunuyam. Amerikadakı müsəlmanların əksər islam ölkəsindəki insanlardan daha firavan yaşadıqlarının şahidiyəm. Əgər mənim “İslamda yoxdur” adlı kitabım Amerikada işıq üzü görsəydi, əsla qadağan edilməzdi. Amma Azərbaycanda həmin kitabın çapı və yayımı yasaqlandı. Sadəcə demək istəyirəm ki, siz və sizin kimilər ağalarınızın qorxusundan ölkədə dini biznes halına gətirənlər barədə bir kəlmə də danışa bilmirsiniz. Vüsal Məmmədov bunları çox yaxşı bilir. Mən sadəcə ona bir sual vermək istəyirəm. Niyə çox sevdiyin qızınla bir şəklini paylaşmırsan? Başqa söz söyləməyə mənim şəxsiyyətim, vicdanım və bəzilərinizdə olmayan şərəfim imkan vermir”. 
İlahiyyatçı övladlarını sərbəst yetişdirdiyini söyləyib
“Mən övladlarımı öz səhvlərindən nəticə çıxara biləcək qabiliyyətdə böyütməyə çalışıram. Onları istiqamətləndirmirəm, şəxsi seçimlərinə və istəklərinə hörmətlə yanaşıram. Allaha şükürlər olsun ki, böyük uşaqlarım 3 əcnəbi dili sərbəst şəkildə bilirlər. Böyük qızım Məryəmin ingilis dilində yazdığı kitab hazırda ABŞ nəşriyyatlarının birində müzakirə olunur. Qızım astrofizik olmaq istəyir. Mən hər zaman qız uşaqlarının oxumağının tərəfdarı olmuşam. Hətta İslamın ilk şərtinin namaz, oruc, zəkat, həcc deyil, “oxu” olduğunu hər çıxışımda dəfələrlə təkrarlamışam. İndi qızımı təhsil almağa göndərdiyim üçün dindarlar məni təhqir edir, dinsizlər isə deyir ki, “niyə Ərəbistana göndərmirsən?!”. Əslində qızımın fotosunu paylaşmaya bilərdim. Amma o fotonu cəmiyyətə bir mesaj olsun deyə paylaşmışam. Bu, qızlarımızın oxudulması üçün mesaj, təşviq və həvəsləndirmədir. Eyni zamanda qız övladlarını oxutmayan valideynlər üçün bir etirazdır”.