Təhlükəli əməl: benzinə həm su qatılır, həm də litri azaldılır - Cibə və cana ziyan 

Elməddin Muradlı: “Yetər ki, yanacaqdoldurma məntəqələri cibimizə girməsinlər, benzinə zir-zibil qatmasınlar, övladlarımızı, özümüzü və gələcəyimizi zəhərləməsinlər”


Ötənlərdə sosial şəbəkədə “premium” markalı benzinin tərkibinə suyun qatıldığını əks etdirən video yayılıb. Görüntüdə benzinin tərkibində çoxlu miqdarda su olduğu açıq-aydın görünür.
Ümumiyyətlə, son zamanlar benzinin keyfiyyəti ilə bağlı məsələ sürücülərin ciddi narazılığına səbəb olur. 
Məsələni dəyərləndirən “Avtosfer.az” saytının baş redaktoru, nəqliyyat eksperti Elməddin Muradlı “Sherg.az”a bildirib ki, Azərbaycanda nəinki “premium”, eləcə də digər markalı yanacaq növlərinin tərkibinə müxtəlif qatqılar əlavə edilir. 
Ekspertin qənaətincə, bu, olduqca təhlükəli tendensiyadır:
“Belə hallar acgözlük və tamahkarlıqdan irəli gəlir. Bir zamanlar ölkəmizdə sürücülər avtomobili texniki baxışdan keçirərkən yol vergisi ödəyirdilər. Cənab Prezident bu ödənişləri ləğv edərək həmin vergilərin yanacaqdoldurma məntəqələrinə ödənilməsi barədə qərar qəbul etdi. Yəni, onların gəlirinin müəyyən faizi yol vergisi kimi dövlətə ödənilir.
Bundan sonra isə yanacaqdoldurma mənətəqələri vəziyyətdən çıxmaq üçün sürücülərin cibinə girməyə başladılar. Vaxtilə ildə bir dəfə yol vergisi kimi Dövlət Yol Polisinə gedib avtomobilin mühərrikinin həcmindən asılı olaraq müəyyən məbləğ ödəyirdik. Amma bu prosesə son qoyulandan sonra yanacaqdoldurma məntəqələri hər gün cibimizə girir, büdcəmizə ziyan vurulur və avtomobilimizin ömrü qısalır”.
E.Muradlı qeyd edib ki, yanacaqdoldurma məntəqələri keyfiyyətsiz yanacaq verməklə avtomobilin mühərrikinin sıradan çıxmasına şərait yaradırlar:
“Bu azmış kimi benzinin litrini də azaldırlar. Bundan başqa keyfiyyətsiz yanacaqlar ekologiyaya ciddi ziyan vurur. Həm özümüz, həm də ətrafımızdakı insanlar zəhərlənirlər. Yanacaqdoldurma məntəqələrinin pul hərisliyi, acgözülüyü neqativ halların yaşanmasına gətirib çıxarır. SOKAR dəfələrlə açıqlama verir ki, biz normal keyfiyyətli yanacaq satırıq.
Yanacaqdoldurma məntəqələri isə benzinə qatqıları harada və necə qatırlar bunu bilmək mümkün deyil. Təəssüf ki, bütün bunlar hüquq- mühafizə orqanlarının gözü qarşısında baş verir. Lakin nədənsə bu problemi həll edən yoxdur. Azərbaycanda istər premium, istərsə də A-92 markalı benzinin oktanı çox aşağıdır.
Çox istərdim ki, köhnə qayda bərpa olunsun. Sürücü olaraq hər birimiz yol vergisini ödəməyə razıyıq. Yetər ki, yanacaqdoldurma məntəqələri cibimizə girməsinlər, benzinə zir-zibil qatmasınlar, övladlarımızı, özümüzü və gələcəyimizi zəhərləməsinlər.
İstərdim ki, bu məsələyə dövlət tərəfindən bir daha baxılsın. Yol vergisini əvvəlki kimi sürücülərin boynuna qoysalar, onlar həmin vergini ödəyəcəklər. Təki yanacaqdoldurma məntəqələri sürücülərin boğazına şərik çıxmasın”.