"Çölçü" ABŞ-da və İtaliyada ən yaxşı film seçildi

 
“Çölçü” bədii filmi ABŞ-da keçirilən “Royal Wolf Film Awards 2019” müsabiqəsində “Ən yaxşı xarici film” mükafatına və İtaliyada “Oniros Film Awards 2019” müsabiqəsində “May mövsümünün ən yaxşı bədii filmi” mükafatına layiq görülüb.

Axşam.az xəbər verir ki, ekran əsəri, eyni zamanda “Oniros Film Awards 2019”da “Ən yaxşı rejissor” və “İlin ən yaxşı bədii filmi” nominasiyalarında final mərhələsinə seçilib.

Qeyd edək ki, rejissor Şamil Əliyevin “Çölçü” filmi Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında 2012-ci ildə istehsal olunub. Film 5 qitəni əhatə edən 48 beynəlxalq kino festivalında iştirak edərək 25-dən çox mükafat qazanıb. “Çölçü” ümumilikdə bir neçə dəfə “Ən yaxşı bədii film”, “Ən yaxşı rejissor işinə görə”, “Ən yaxşı ssenari”, “Ən yaxşı qadın oyunçu”, “Yaradıcılıq axtarışlarına görə”, eləcə də münsiflər heyətinin xüsusi diplom və mükafatlarına, “Humay” milli mükafatına layiq görülüb.

Filmin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur. Ekran əsərində Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkiliblər.