Tibbi sığortanın özünü doğruldacağına inananlar azdır

Bu sistem xəstələri yenə Bakıya qaçırıb özəl klinikalara pul tökməyin qarşısını almayacaq

İcbari tibbi sığorta hələ də aktuallığını qoruyur. Əhalinin böyük bir qismi icbari tibbi sığortanın bütün ölkə boyu tətbiqini gözləyir. Amma tibb sahəsi üzrə mütəxəssislərin bəzisi problemlərin ortaya çıxacağını bildirir. Pediatr Vaqif Qarayev tibbi sığorta ilə bağlı status paylaşıb və geniş müzakirələrə meydan açıb. 
- İcbari tibbi sığortanın tətbiq edilməsinin qızğın tərəfdarıyam. Həkim kimi də, vətəndaş (pasiyent) kimi də. Nəhəng sosial layihədir. İlk vaxtlarda çətinliklər olacaq, bütün ölkələrdə olduğu kimi.
Son günlər İTS rəsmiləri bildirir ki, həkimlərin maaşında ciddi artım olacaq. Sabit maaş + gördüyü işin həcminə görə faiz. Belə bir maaş sistemi qurmaq istəyirlər. Sabit maaş nə deməkdi? Yəni nə qədər? 150-200 manat? Yoxsa dəfələrlə çox? Bunu açıqlamalıdılar ki, gənc həkimlərimiz rayonlara getməyə həvəslənsinlər. Kommunal məsələlər (ev-eşik, bağça-məktəb, əyləncə və s.) həllini tapacaqmı rayonlarda? Faizlə hesablanan maaş da bir az mücərrəddi. Hələ tanınmayan gənc həkimlərə müraciət edən olmayacaq, yoxsa zorla da olsa hamıya pasiyent paylanacaq?Bu arada Agentlik rayonlara müxtəlif mütəxəssislərin vakansiyasını elan edib. İlin axırına kimi lazım olan qədər həkim tapa biləcəklər?
Sosial şəbəkə istifadəçiləri müzakirələrə qoşulub və maraqlı fikirlər bildirilib: 
Musayeva Aygün: 
Lazım olan qədər həkim tapılacaq, amma o həkimlərin diaqnoz qoyub, dar, məhdud çərçivədə düzgün müayinə-müalicə edib xəstəni razı salacağına zəmanət verilmir. İcbari tibbi sığorta məncə müayinə üçün geniş imkanlar açmır. İcbari tibbi sığorta xəstələri yenə Bakıya qaçırıb özəl klinikalara pul tökməyin qarşısını almayacaq. Ümumiyyətlə, bu məsələni yaşamadan, görmədən təsəvvür etmək mümkün deyil. 10 manat USM-yə qiymət qoyulub, ondan həkimə nə faiz verəcəklər? Rayonda USM həkimi elə 10 manata USM edib, “dolyasını” verəndən sonra təmiz qazancını cibinə qoyurdu da. 2 manat faizə hansı həkim USM-də yaxşı baxacaq? "Yola verdi getdi", kampaniyası olacaq.
Vakansiya elan olunursa, deməli, rayonlarda həkim çatışmazlığı var. Rayon xəstəxanalarının tibbi avadanlıqlarla təchizatı da çox mühüm məsələdi ki, insanlar yenə Bakıya axışmasın. Yəni başlamaq lazımdı. Bütün çətinliklər bundan sonra aşkar olunacaq.Musayeva Aygün yazıb ki, 50 faiz çətinlik indidən görünür. Milyonlar lazımdı. Rayondakı baş həkimlər dəyişməsə, o gənc həkim heç nə edə bilməyəcək. Ya gərək həkim Təbib və ya icbari tibbi sığortaya tabe olsun ki, sözünü, dərdini deyə bilsin. Bu çox qəliz məsələdi. Əvvəl elə bilirdim kino qəliz məsələdi, amma səhiyyə ondan da qəlizdi.  
Ülkər Nəsirova: - Doktor, mən heç də razı deyiləm, həkimlər gedəcək hamısı dövlət xəstəxanalarından özəllərə. Maaş dövlətdə inanmıram normal olsun, ona görə. Bundan başqa protokallar. Onlar imkan verməyəcək xəstələrə individual yanaşmağa, mən isə tibdə individual müalicənin tərəfdarıyam, hamıya eyni yanaşmanın tərəfdarı deyiləm, hər kəsin orqanizmi individualdır və xəstəlik də hərədə bir cür keçir. Diabet.az: - Dəqiq yəqin ona görə demirlər ki, həkimlərin maaşı yenə də dünya standartları səviyyəsində olmayacaq və onları da pis vəziyyətə salacaqlar. Açıq desinlər ki, kim nə qədər, hansı kriteriyalarla maaş alacaq.Aynur Şahkərimova: - Çox gözəl və vacib layihədir bu. Həm də ehtiyac duyulan. Çox ümid edirəm normal tətbiq olunacaq. Avadanlıq, həkim qıtlığı olmayacaq dövlət xəstəxanalarında və buna ciddi riayət olunacaq.