Paytaxtda maşın oğurlayan dəstə saxlanıldı


Bakıda avtomobil oğurlayan bir qrup şəxs Mingəçevirdə yaxalanıb.
APA -nın Mingəçevir bürosunun məlumatına görə, oğurluq hadisəsi Bakının 17-ci Polis Bölməsinin ərazisində baş verib. Polisə “Niva” markalı minik avtomobilinin oğurlanması barədə daxil olan müraciət əsasında əməliyyat axtarış tədbirlərinə başlanılıb. Proses ölkənin digər bölgələrində də davam etdirilib və nəticədə Mingəçevir Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi uğurlu əməliyyat axtarış tədbirləri nəticəsində oğurluq hadisəsinin törədilməsində şübhəli bilinən 4 nəfər şəxs “Niva” markalı maşınla birgə saxlanılıb. Onlar 1983-cü il təvəllüdlü Həsənov Ceyhun Vasif oğlu, 1983-cü il təvəllüdlü Qurbanov Anar Şahin oğlu, 1975-ci il təvəllüdlü Vəliyev Natiq Həsən oğlu və 1990-cı il təvəllüdlü Məmmədov Elxan Nağı oğludur.
Saxlanılan şəxslər istintaq təhvil verilib. Digər cinayətlərdə iştirakları olub olmaması tam məlum deyil. Faktla bağlı araşdırma aparılır.