Akif Səməd hələ indi yavaş-yavaş qocalır

Nəvai Mətin: "Bu yubiley tədbiri dostun-dosta hədiyyəsidir"

Akif Səmədi xatırlayanda qayğılı siması gözümün önünə gəlir. 90-cı illərin əvvəlləri ozamankı adıyla Azərbaycan Dövlər Pedaqoji İnstitutunda çalışırdım. Akif Səmədi fikirli, qüssəli, əlində kağızlar, sənədlər görərdim. O zaman “Gənc müəllim” qəzetini nəşr etdirirdi. Bu qəzet institutun orqanı idi. Qarabağ müharibəsi gedirdi və Bağanıs-Ayrım faciəsi baş vermişdi. Akif Səməd Bağanıs-Ayrım barədə materiallar hazırlamışdı, faciəni əks etdirən fotoları da qəzetdə dərc etdirmişdi. Elə bil bütün ölkənin dərdini bu adam çəkirdi. Torpaqlarımızın işğalı,  erməni faşizminin qurbanı olmuş insanlarımızın faciəsinin ağırlığı qəddini bükmüşdü. Halbuki cavan idi (1959-cu il doğumludu), amma elə bilirdin, ömrü başa çatmaqda olan birisidir. Dərd, kədər onu vaxtından tez qocaltmışdı. Qəlbi bu kədər və faciələri 45 yaşadək daşıya bildi. Daha dözmədi. İndi gənc yaşda insanların vəfatı xəbərini eşidəndə çoxumuz belə deyirik; nə qədər problem içində yaşamaq olar?! Yaşamaq olmur.

Akif Səməd hələ indi yavaş-yavaş qocalır. 60 yaşına çatıb. Bu münasibətlə də Uluslararası Aktivist Sənətçilər Birliyi Azərbaycan təmsilçiliyi Akif Səmədin 60 illik yubileyini qeyd etməyə hazırlaşır. Yubiley tədbiri iyulun 21-i, saat 16:00-da R.Behbudov adına Mahnı Teatrında keçiriləcək.

Uluslararası Aktivist Sənətçilər Birliyi Azərbaycan təmsilçiliyinin rəhbəri, tanınmış rəssam Nəvai Mətin ürək dostu Akif Səmədin yubiley tədbiri barədə “Şərq”ə danışdı: 

- Yubiley tədbirinin təşkilatçısı Uluslararası Aktivist Sənətçilər Birliyinin Azərbaycan təmsilçiliyidir. Qazax Xeyriyyə Cəmiyyəti İctimai Birliyi və Yazıçılar Birliyi də təşəbbüsə qoşuldu. Bundan əvvəl Antalyada xatirə məclisi təşkil olunub. İndi isə Bakıda keciririk. Biz Akif Səmədin 50 illiyini Sumqayıtda keçirdik. 55 illiyini də yenə Mahnı Teatrında keçirmişdik. 

- Mərhum Akif Səmədlə yəqin sizi bağlayan möhkəm tellər olub... 

- Akiflə dost idik, bir kənddən idik, bir yerdə kirayədə qalmışdıq... Bizi çox şey bağlayırdı. Hesab edin ki, bu yubiley tədbiri dostun-dosta hədiyyəsidir. 

- Hamı bunu deyir ki, Akif Səmədin simasında, gözlərində kədər vardı həmişə... 

- Onun hadisələrə özünəməxsus münasibəti vardı. Hər bir insanın kədərinə öz faciəsi kimi yanaşırdı. Daşıdığı kədər onu yaşından böyük göstərirdi. Bir dəfə məclisdəydik, yaşlı bir adam Akif Səmədə “ağsaqqal, irəli keç”, dedi. Akif bizdən uzaqlaşdıqca böyüklüyünü daha da hiss edirəm. Türkiyənin Quşadası bələdiyyəsi ilə danışmışıq ki, Akif Səmədin adına bir küçə olsun. Şükür, arzumuz reallaşır. Bakıda isə Masazır qəsəbəsində “Akif Səməd” küçəsinin olmasını reallaşdırdıq. Gücümüz buna çatdı. 

- Dostunuzun xatirəsi üçün gördüyünüz işlərdən razısınız?  

- Nə deyim... Nə etmişəmsə, dostların köməyi ilə olub. Naimə xanım Qaramanlı dostumuzdu, nə vaxt Akif Səmədlə bağlı ona müraciət edirik, can-başla dəstək verir. Fərman Qəhrəmanov da həmçinin. 2006-cı ildən Akif Səməd poeziya mükafatı təsis olunub. 14 nəfər alıb bu mükafatı. Bazar günü keçiriləcək yubiley tədbirində də 4 nəfər mükafatlandırılacaq. Akif Səmədlə bağlı hansısa fəaliyyətimin önünü heç kəs kəsə bilməz. Bacardığımı edəcəm ki, ruhu şad olsun. 

“XXI əsr Təhsil Mərkəzi”nin rəhbəri Etibar Əliyev Akif Səmədin xatirəsinə maraqlı status paylaşıb: 

- Azərbaycanda bir şair var idi. Akif Səməd. Mənim də dostum idi. 45 yaşında dünyasını dəyişdi. Mən onun timsalında ölümdən qorxmayan şair görmüşdüm. İyulun 22-də anadan olmasının 60 ili tamam olacaq. Gözəl şair olmaqla yanaşı gözəl və ekoloji təmiz yumoru da var idi. Poeziyası isə elə bu şeir kimi çox ciddi idi; 

İçimizdə boğuluruq,
Üzdə hələ şeir yazırıq.
Ürəyimiz quru budaq,
Sözdə hələ şeir yazırıq.
Zaman ötür, sular axır,
Qazanımız köhnə paxır,
Düşmən dağa bayraq taxır,
Düzdə hələ şeir yazırıq.
Susuz yanırıq, hər yan su,
Dağ çayı, bulaq, uçansu,
Torpağı itirib, hansı
Üzlə hələ şeir yazırıq.
Adam olmaq qara baxtım,
Qara baxtım, qızıl taxtım,
Qəbir yerim - Qarabağım,
Gözlə, hələ şeir yazırıq.