Misir prezidenti ölkədə fövqəladə vəziyyət rejiminin müddətini uzadıb


Misir prezidenti Abdul Fəttah əs-Sisi ölkədə fövqəladə vəziyyət rejimini daha 3 ay müddətinə uzadıb.

APA xəbər verir ki, bu barədə Misirin Milli Televiziyası məlumat yayıb.

Bildirilir ki, Misir prezidenti bununla bağlı fərman imzalayıb.

“Ölkənin silahlı və milli polis qüvvələri terrorçuluq əməllərinə və onun maliyyələşdirilməsinə qarşı tədbirlər görülməsi, ölkədə təhlükəsizliyin, dövlət sərhədlərinin, vətəndaşların ictimai və şəxsi mülkiyyətinin qorunması məqsədilə əlindən gələni edəcək”, - deyə fərmanda qeyd olunur.

Qeyd edək ki, Misirdə fövqəladə vəziyyət rejimi 2017-ci il aprel ayında Tanta və İsgəndəriyyə şəhərlərindəki kilsələrə terror hücumlarından sonra elan olunub. Hücumlar nəticəsində 45 nəfər ölmüş, 120-dən çox insan yaralanmışdı. Terror hadisələrinə görə İŞİD terror qruplaşması məsuliyyəti öz üzərinə götürmüşdü.