Bakı-2019: Atletlər kəndinə media tur təşkil olundu


Bakı-2019 XV Avropa Gənclər Yay Olimpiya Festivalını işıqlandıran KİV nümayəndələri üçün media tur təşkil olunub.
APA -nın məlumatına görə, bu gün baş tutan tədbir Atletlər kəndində gerçəkləşib.

Müxtəlif ölkələrdən gələn jurnalistlər atletlərin məskunlaşdığı məkanla daha yaxından tanış olmaq imkanı qazanıblar. 1,5 saat davam edən tədbirdə qonaqlar kənddəki əsas obyektləri gəziblər.
Təşkilatçılar jurnalistlərə Akkreditasiya Mərkəzi, poliklinika, yeməkxana, Bayraqlar Xiyabanı, Atletlər Kəndinin Koordinasiya Mərkəzi və digər yerlər barədə ətraflı məlumat veriblər. Bildirilib ki, Atletlər kəndindəki binadan 6-sı yarış iştirakçıları üçün ayrılıb. Qonaqlar üçün hər axşam konsert proqramı da təşkil olunur.
İdmançılarla görüşüb, ünsiyyətdə olmaq, müsahibə almaq istəyən KİV nümayəndələri də istəklərini həyata keçirmək imkanı əldə edib.
Qeyd edək ki, iyulun 21-də start götürən XV Avropa Gənclər Yay Olimpiya Festivalı ayın 27-də başa çatacaq. Avropa Olimpiya Komitələrinə (AOK) üzv olan 50 ölkədən yalnız ikisi festivalda təmsil olunmur. Bunlar Ermənistan və Lixtenşteyn yığmalarıdır. Bu səbəbdən də Atletlər kəndində iştirakçı 48 ölkədən 3900 nəfər idmançı və texniki nümayəndə heyəti məskunlaşıb.
Atletlər idmanın 10 növü – idman gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında mübarizə aparırlar. Olimpiya festivalı zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərir.