“Azərbaycan mediası ölkəmizin dövlətçilik resurslarından birinə çevrilib”

22 iyul keşməkeşli, ağrı-acılı, lakin şərəfli yol keçmiş Azərbaycan milli mətbuatının yaranma günüdür. Bu gün milli mətbuatımızın 144 yaşı tamam olur.

Böyük mütəfəkkir Həsən bəy Zərdabinin yaratdığı və redaktoru olduğu “Əkinçi” qəzeti ilə əsası qoyulan Azərbaycan mətbuatı müxtəlif dövrlərdə ağır sınaqlara məruz qalıb, amma milli dilin yaşaması naminə hər çətinliyə dözüb və tutduğu şərəfli yoldan dönməyib.

Ötən dövrdə zəngin və şərəfli yol keçən Azərbaycan mətbuatı indi özünün yüksəliş mərhələsini yaşayır. Bu yeni inkişaf dövrünün, inkişaf mərhələsinin təməlini qoyan isə məhz mərhum dövlət başçısı Heydər Əliyevdir. Azərbaycan mətbuatının yeni inkişaf dövrü və mərhələsi birmənalı və mübaliğəsiz olaraq Ulu Öndərin adı ilə bağlıdır.

Heydər Əliyevin müstəqil mətbuatın formalaşması və inkişafına xidmət edən siyasəti bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir.

Azərbaycan mətbuatının müxtəlif mərhələlərdən keçdiyini deyən “Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev “Sherg.az”a bildirib ki, 144 il ərzində hər mərhələnin öz inkişaf xüsusiyyətləri, keyfiyyət dəyişmələri var:

“Təbii ki, çar Rusiyası dövründə Azərbaycan mediasının inkişaf xüsusiyyətləri bir başqa, sovet hökümətinin dövründə isə tamam başqa xüsusiyyətlərə malik idi. Amma ən böyük və dərin keyfiyyət dəyişmələri sözsüz ki, müstəqil Azərbaycan dövrünə, əsasən də Heydər Əliyevin və onun davamçısı İlham Əliyevin hakimiyyəti illərinə düşür. Bu dövr Azərbaycan mediasının dünya mediası ailəsində öz yerini möhkəmlətməsi, tanıtması, peşə maraqları üzərində qurulmuş media inkişafı modelini tapması dövrüdür. Cəsarətlə demək olar ki, bu dövrlərdə Azərbaycanın milli media modeli formalaşıb. Bu modelin bir sıra xaraketrik xüsusiyyətləri var. Bu xüsusiyyətləri həm də inkişafın nailiyyətləri kimi də dəyərləndirmək olar”.

A.Quliyev qeyd edib ki, Azərbaycan mediası heç vaxt ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyevin dövründə olduğu qədər dövlətçi mövqedə dayanmayıb:

“Mediamızın dövlətçi olması onun bu gün nailiyyəti və xüsusiyyətidir. Həmçinin mətbuatımızda vətənpərvərlik prinsipləri də yüksək şəkildə bərqərar oldu. Elə bunun nəticəsidir ki, Azərbaycanla bağlı beynəlxalq münasibətlərdə kövrək vəziyyət yaranan zaman media dövlətçilik, vətənpərvərlik mövqeyindən dövlətçilik mənafelərinin ən böyük hissəsinə çevrilir.  

Bu gün Azərbaycan mediası ölkəmizin dövlətçilik resurslarından birinə çevrilib. Peşəkarlığın səviyyəsi qürur duyduğumuz şəkildə inkişaf edir. Hər halda 20-25 –il bundan əvvəlki peşəkarlıqla indiki dövrü müqayisə etmək qürürlü olardı. Jurnalistikamızda aydan aya hiss olunan bir dinamika var. Getdikcə jurnalistlərimizin peşəkarlığı inkişaf edir.

Bütün bunlar mediada sistemli dövlət siyasətinin aparılmasının bariz nümunəsidir. Əlbəttə, mediamıza dövlət dəstəyi mexanizminin şəffaf bir sistem olaraq yaradılması da böyük nailiyyətlərdən hesab olunur. Dünyanın bütün dövlətlərində mediaya kənardan maliyyə dəstəyi göstərilir.

Amma Azərbaycandakı dəstəyin fərqi ondan ibarətdir ki, bu dəstək dövlət tərəfindən şəffaf şəkildə aparılır. Həmçinin dəstəyin müqabilində medianın müsətqilliyinə xələl gətirə biləcək hər hansı bir şərt irəli sürülmür. Bu medianın həm müstəqil inkişafını təmin edir, həm də jurnalistikanın inkişafına dövlət dəstəyinin Azərbaycan modelinin xüsusi bir model kimi ortaya çıxmasına səbəb olur.

Bu gün qürurla demək olar ki, məhz mediaya dövlət dəstəyinin bir institut kimi formalaşması Azərbaycan mediasını hər cür şübhəli və kənar asılılıqların cəngindən qurtarır. Bu isə bizim böyük nailiyyətlərimizdən biridir”.