Beş güləşçimiz EYOF-un finalında


Avropa Gənclərinin Olimpiya Festivalı (EYOF) çərçivəsində güləş yarışları davam edir.

"Sherg.az"ın məlumatına görə, ikinci yarış günündə 7 çəkidə (4 oğlan, 3 qız) mübarizə baş tutur. Mircavad Nəbiyev Rusiya yığmasının üzvüylə qarşılaşmanın son saniyələrində qələbəni əldən verib. Rəqib finala yüksəldiyi üçün Nəbiyev mübarizəni təsəlliverici görüşlə davam etdirib və türk həmkarına ilk hissədə qalib gəlib.

Sabir Cəfərov ilk mərhələdə macar rəqibinə vaxtından əvvəl qalib gəlib. Belarus güləşçisi də eyni aqibətlə üzləşib. Bolqar rəqibini də məyus edən Sabir finala yüksəlib.
Qurban Qurbanov da debütdə Polşadan olan həmkarına tam üstünlüklə qalib gəlib. Dünya çempionumuz Türkiyədən olan rəqibinə də göz açmağa imkan verməyib. Belarus idmançısını da devirən Qurbanov finala vəsiqə qazanıb.

Həsrət Cəfərov əvvəlcə litvalı güləşçini çətinlik çəkmədən məğlub edib. Belarus və İtaliyadan olan rəqiblərinə də qalib gələn Cəfərov finala yüksəlib.

Gültəkin Şirinova 1/8 finalda Finlandiya təmsilçisini üstələyib. Həmyerlimiz Belarus idmançısını da devirərək adını yarımfinala yazdırıb. İtaliyalı rəqibi üzərində də əzmkar qələbə qazanan Şirinova finala çıxan növbəti təmsilçimiz olub.

Lalə Mirzəyeva debütdə Moldova güləşçisiylə bacarmayıb.

Mərziyə Sadıqova ilk görüşdə Ukrayna idmançısından güclü olub. Daha sonra Rusiya güləşçisiylə gərgin mübarizədən qalib ayrılan Mərziyə yarımfinala yüksəlib. Türkiyədən olan rəqibi üzərindəki minimalhesablı qələbə Sadıqovanı finala daşıyıb.

Qeyd edək ki, medal qarşılaşmaları saat 16:00-da başlayacaq.