Bakı-2019: 5 güləşçimiz finala yüksəldi


Avropa Gənclərinin Olimpiya Festivalı (EYOF) çərçivəsində güləş yarışları davam edir.
APA -nın məlumatına görə, ikinci yarış günündə 7 çəkidə qaliblər müəyyənləşəcək.
Azərbaycan yığması bu çəki dərəcələrinin hər birində təmsil olunub. Sərbəst güləşdə 1, yunan-Romada 2 və qadın güləşində 2 həmyerlimiz finala vəsiqə qazanıb. Medal döyüşləri saat 16:00-da başlayacaq.
Sərbəst güləş
48 kq
Mircavad Nəbiyev final mübarizəyə 1/8 finaldan başlayıb. Onun Maqomedamin Bekbulatovla (Rusiya) görüşü 6:6 hesabı ilə yekunlaşsa da, rəqibi sonuncu xal prinsipinə uyğun mərhələ adlayıb.
60 kq
Sabir Cəfərov 1/8 finalda macarıstanlı Marsel Deliyə 10:0 hesabı ilə qalib gəlib. O, növbəti mərhələdə Anatoli Xranikanı (Belarus) da məğlub etməkdə çətinlik çəkməyib – 12:1. Güləşçimiz yarımfinalda İvan Stoyanovla (Bolqarıstan) üz-üzə gəlib və rəqibi üzərində 5:1 hesablı qələbə qazanıb.
S. Səfərov finalda rusiyalı Fyodor Baltuyevlə güləşəcək.
Yunan-Roma güləşi
48 kq
Qurban Qurbanovun da startı uğurlu alınıb. İdmançımız öncə Kaçper Karaskieviçə (Polşa) 8:0, ardınca Emin Çakıra (Türkiyə) 10:0 hesabı ilə qalib gəlib. Q. Qurbanov finala gedən yolda Maksim Stupakeviçdən (Belarus) üstün olub. O bu dəfə 5:0 hesablı qələbəyə sevinib.
Q. Qurbanov qızıl medal üçün Xviça Abuladzeni (Gürcüstan) sınağa çəkəcək.
60 kq
Həsrət Cəfərov debütdə Donatas Rindeykisdən (Litva) üstün olub. 12:0 hesabı ilə qələbə qazanan idmançı 1/4 finalda Mikita Muraşkanı (Belarus) 13:5 hesabı ilə məğlub edib. O, yarımfinalda gücünü Andrea Settiyə (İtaliya) də göstərib – 6:0.
Yeniyetmə idmançı finalda Maqomed Qiqiyevlə (RUS) qarşılaşacaq.
Qadın güləşi
46 kq
Gültəkin Şirinova 1/8 finalda finlandiyalı Jutta Ala-Rantanı 7:4 hesabı ilə üstələyib. Həmyerlimiz Belarusu təmsil edən Tatyana Pertsavanı da 6:1 hesabı ilə məğlub edərək, yarımfinala yüksəlib. G. Şirinova bu mərhələdə Fanni Viquronı (Fransa) da üstələyib – 10:3.
Güləşçi həlledici qarşılaşmada Georgiana-Lavinia Antuka (Rumıniya) ilə münasibətinə aydınlıq gətirəcək.
49 kq
Lalə Mirzəyeva debütdə Moldova güləşçisiylə bacarmayıb. O, Mihaela Samoilə 2:8 hesabı ilə uduzub.
61 kq
Mərziyə Sadıqova da yarışa 1/8 finaldan qoşulub. O, ardıcıl olaraq Manola Skobelska (Ukrayna, 6:3), Alina Kasabyeva (Rusiya, *1:1) və Elmas Çeliki (Türkiyə, 1:0) məğlub edərək, finala vəsiqə qazanıb.
İdmançı finalda italiyalı Aurora Russo ilə qüvvəsini sınayacaq.
Qeyd edək ki, Azərbaycan güləşçiləri Festivalın ilk günündə 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar.