“Azərbaycan mediası dövlət himayəsi ilə təmin olunub”


22 iyul keşməkeşli, ağrı-acılı, lakin şərəfli yol keçmiş Azərbaycan milli mətbuatının yaranma günüdür. Bu gün milli mətbuatımızın 144 yaşı tamam olur.
Böyük mütəfəkkir Həsən bəy Zərdabinin yaratdığı və redaktoru olduğu “Əkinçi” qəzeti ilə əsası qoyulan Azərbaycan mətbuatı müxtəlif dövrlərdə ağır sınaqlara məruz qalıb, amma milli dilin yaşaması naminə hər çətinliyə dözüb və tutduğu şərəfli yoldan dönməyib.
Ötən dövrdə zəngin və şərəfli yol keçən Azərbaycan mətbuatı indi özünün yüksəliş mərhələsini yaşayır. Bu yeni inkişaf dövrünün, inkişaf mərhələsinin təməlini qoyan isə məhz mərhum dövlət başçısı Heydər Əliyevdir. Azərbaycan mətbuatının yeni inkişaf dövrü və mərhələsi birmənalı və mübaliğəsiz olaraq Ulu Öndərin adı ilə bağlıdır.

Heydər Əliyevin müstəqil mətbuatın formalaşması və inkişafına xidmət edən siyasəti bu gün onun hər sahədə layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir.


Azərbaycan mediasının 144 il ərzində çox şərəfli bir inkişaf yolu keçdiyini deyən “Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev “Sherg.az”a açıqlamasında mediamızın inkişaf tarixinin 3 mərhələyə bölündüyün bildirdi:

“1-ci dövr 1920-ci ilə qədər olan dövr adlanır. Sonra isə sovet dövrü və müstəqillik illəri mətbuatı dövrü var. Bu dövrlərin ikisi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.  Həm sovet, həm də müstəqillik dövründəki Azərbaycan mətbuatının inkişafında Heydər Əliyevin böyük rolu olub. Mediamızda olan problemlərin həll olunması hər zaman ulu öndərin maraq və diqqətində olan məqamlardan idi.

Məlumdur ki, peşəkar jurnalistikamızın formalaşmasında Azərbaycan SSRİ dövründəki media mühiti xüsusi yol oynayıb. O dövrdə jurnalist qələminin kəsəri daha çox hiss olunurdu. Hansısa media qurumunda keçmiş və tənqidi məqaləyə dərhal dövlət səviyyəsində reaksiya verilirdi. Təbii ki, bütün bunların hamısı Heydər Əliyevin iradəsi çərçivəsində olub. Müstəqillik illərində də ulu öndər hər zaman medamızı diqqət mərkəzində saxlayırdı. O, hər zaman jurnalistləri öz himayəsi altına alırdı. Azərbaycan jurnalistikasının müstəqillik illərindəki əsas uğurları məhz Heydər Əliyevin adı ilə bağlıdır. Həmin dövrdə yazılı medianın Azərbaycan Nəşriyyatına olan borclarının silinməsi, senzuranın tərəfindən ləğv olunması, jurnalistlərin fəaliyyəti üçün mükəmməl qanunvericilik bazasının yaradılması məhz Heydər Əliyevin adı ilə bağlıdır. Onun birbaşa dəstəyi ilə Azərbaycan jurnalsitləri olduqca böyük uğurlar əldə ediblər”.

Baş redaktor vurğuladı ki, 2003-cü ildən sonra Prezident İlham Əliyevin mediamıza böyük diqqəti olub: 

“Onun ölkəyə rəhbərlik etdiyi dövrdə mediaya dövlət dəstəyi yeni bir mərhələyə qədəm qoydu. Kütləvi İnformasiya Vasitələrinin (KİV) inkişafı ilə bağlı 2017-ci ildə dövlət dəstəyi konsepsiyası qəbul olundu. Bu konsepsiyanın hazırlanması Mətbuat Şurasının xüsusi təşəbbüsü ilə olub. Konsepsiyanın nəticəsi olaraq Prezident Yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu yaradıldı. Bu unikal bir təşəbbüs idi. Məhz bu fonda fəaliyyət nəticəsində Azərbaycanın yazılı mediası hazırda ayaq üstə durmağı bacarıb və öz varlığını qoruyub saxlaya bilib. Etiraf edək ki, dövlətin yardımı olmasaydı, indiki çətin bazar iqtisadiyyatı dövründə və internet medianın gətirdiyi yeni reallıqlar fonunda Azərbaycanın yazılı mediasının ayaqda durması çox çətin olardı. Məhz fondun maliyyə dəstəyi bu gün mətbuat tariximizin şanlı səhifəsi olan çap mediasını qoruyub saxlaya bilirik. Hesab edirəm ki, ölkəmizdə olan qəzetlər bazar iqtisadiyyatının gətirdiyi yeni reallıqlar çərçivəsində öz iqtisadi dayanıqlıqlarını yaradana qədər dövlət himayəsində olacaq. Məlumdur ki, biz jurnalistlər həm ulu öndər Heydər Əliyev, həm də Prezident İlham Əliyevi dostumuz elan etmişik. Hesab edirəm ki, bu gün də prezident İlham Əliyev Azərbaycan jurnalistlərinin dostu olaraq qalır. Prezident ölkədə baş verən müxtəlif hadisə və problemlərin media müstəvisində ictimailəşməsini istəyir. Ona görə də Azərbaycan mediası dövlət himayəsi ilə təmin olunub. Bu himayənin meydana gəlməsində də ölkə başçısı İlham Əliyevin xüsusi rolu var”.