Mayorla atasının dialoqu hüquq müdafiəçisini KÖVRƏLTDİ                               

Novella Cəfəroğlu: “Onun atasına verdiyi cavab qəhrəmanlığın göstəricisidir. Mayorun bu hərəkəti bizim üçün bir örnəkdir. Belə mayorlarımız, əsgər və zabitlərimiz hər zaman olub, indi də var”


2016-cı ilin Aprel döyüşlərində iştirak edən tank əleyhinə diviziya komandiri, mayor Mirdamət Bağıyevin atası ilə dialoqu bir neçə gündür ki  cəmiyyətdə müsbət rezonans doğurub. Belə ki, böyük döyüş şücaəti nümayiş etdirərək düşmənin 12 hərbi texnikasını və xeyli canlı qüvvəsini məhv edən qəhrəmana atışmanın qızğın vaxtında 77 yaşlı atası Sərəssan Bağıyev zəng vurur. Oğul isə atasının narahat olmaması üçün hər şeyin qaydasında olduğunu deyir. Amma narahatlığı keçməyən ata təkrar zəng edir. Bu barədə M.Bağıyevin özü məlumat verib: 
“Bir müddətdən sonra atam yenə təlaş içərisində zəng etdi. Yenə də dedim ki, qorxma mən arxadayam, heç nə olmayıb, sağ-salamatam. Atamın cavabı gözlərimi yaşartdı: “Ay oğul, sən necə hərbçisən axı?.. Orada döyüşlər gedir, sən arxada gizlənib tamaşa edirsən?” Özümü güclə saxladım. Deyə bilmədim ki, ata, mən yaralı-yaralı döyüş mövqeyini tərk etmədim və qanım o torpağa tökülə-tökülə aldığım tapşırığı sonadək yerinə yetirdim. Axı illərlə bu günü gözləyirdik. Bunu mənə necə yaraşdırsan?!”.
Bu dialoqdan qürurlandığını deyən hüquq müdafiəçisi Novella Cəfəroğlu “Sherg.az” bildirdi ki, ölkəmizin çoxlu sayda vətənpərvər zabit və əsgərləri var:
“Onlar hər zaman döyüşlərdə canla-başla iştirak edirlər. Sadəcə olaraq, bunun üçün çağırış lazımdır. Çağırış olarsa, minlərlə oğullarımız torpaqlarımız uğrunda döyüşəcəklər. 
Mirdamət Bağırovun davranışları məni olduqca kövrəltdi. Onun atasına verdiyi cavab qəhrəmanlığın göstəricisidir. Mayorun bu hərəkəti bizim üçün bir örnəkdir. Belə mayorlarımız, əsgər və zabitlərimiz hər zaman olub, indi də var. İnanıram ki, bu dəqiqə döyüş olarsa, minlərlə oğullarımız torpaqlarımızı azad etmək uğrunda vuruşarlar. Bəzən deyirlər ki, çox adam döyüşdən qaçır. Amma bu qətiyyən belə deyil.Müşahidə edən zaman görürük ki, oğullarımız vətənin müdafiəsinə hazırdır”.