"Elektron valyutalar dollara ciddi problem yarada bilər”

“ABŞ prezidenti Donald Trampın dollara görə, narahatlığına əsas yoxdur. Çünki Amerikanın güclü maliyyə dayanıqlığı var”.

Bunu “Sherg.az”a açıqlamasında iqtisadçı-ekspert Fuad İbrahimli deyib. 
Amerika rəsmilərinin kriptovalyutalara açdığı savaşı dəyərləndirən ekspert bildirib ki, ABŞ-da belə bir təhlükəni vaxtında dəf edəcək institutsional mərkəzlər mövcuddur: 
“Məsələ burdadır ki, elektron valyutaların geniş yayılması prosesində məhz ABŞ-ın özünün xüsusi rolu olub. 
Heç kim deyə bilməz ki, kriptovalyuta Yaponiyada yaranıbsa, deməli bu işlə ancaq yaponlar məşğul olur. 
Kriptovalyutaların yayılması Amerikada daha sürətlə həyata keçirilir. 
Tarix boyu nominal vahidlər dəfələrlə dəyişib. Məsələn, bəşəriyyət əvvəlcə gümüş və qızıl dövrünü yaşayıb, daha sonra isə kağız əskinaslar dövrünə keçib.
 Müasir dövrdə isə nağdsız ödənişlər, elektron pul köçürmələri daha populyardır. Nağd ödənişlərə meyl azalmaqdadır”. 
İqtısadçının sözlərinə görə, bəşəriyyət elektronlaşma dövrünə qədəm qoyub: 
“Yəni gələcəkdə elektron valyutalar dollar və başqa pul vahidlərinə ciddi problem yarada bilər. 
Ancaq bunun konkret neçə ildən sonra olacağını söyləmək mümkün deyil. İndiki dövrdə kriptovalyutalar iqtisadiyyatı zəif olan ölkələr üçün problem yarada bilər”.