“Bu zamanlarda şəriət nikahı konkret olaraq qadağan edir” - İlahiyyatçı

Azərbaycanda may ayında əksəriyyət toy- düyün etməkdən çəkinir. “May ayı vay ayıdır” “Mayda  toy etmək olmaz, düşər-düşməzi olur”, “mayda qurulan ailə tez dağılar”, “may ailə həyatı qurmaq üçün ağır aydır” və s. kimi “inanclar”la bəzi insanlar bu ayda toy etmək istəmirlər.

Tarixdə də may ayının toxunulmazlığı barədə bəzi məlumatlar qeyd edilib. Mayda toylara qadağa qoyulması Qədim Romaya gedib çıxır. Bəzi fikirlərə görə, may sözü “Maius” latın sözündən götürülüb. Bu söz isə öz kökünü qədim Romada Mayi İlahəsinin adından götürüb.

May ayında xeyir-bərəkət olmadığı da sadalanan səbəblər sırasındadır. Fikir vermisizsə, xüsusən kənd yerlərində insanlar toyu payız ayına, məhsulun bol vaxtına salırlar. Bu da toyun daha ucuza başa gəlməsi, qurulan ailənin bərəkətli olmasına hesablanıb.

Lakin son zamanlar cəmiyyətimiz bu cür mif və ya stereotipləri dağıdıb. Statistik göstəricilərə görə, 2019-cu ildə ölkəmizdə ən çox nikah may ayında bağlanıb. Bəs, may ayının “ağırlığı” kimi “inanclar” nə dərəcdə düzgündür? 

İlahiyyatçı Hacı Atif İsmayılov “Sherg.az”a açıqlamasında qeyd etdi ki, şəriətdə may ayında toyun uğursuz olması ilə bağlı heç bir fikir yoxdur: 

“Dinimizdə ilin öz xüsusiyyətlərinə görə, müəyyən olunmuş bəzi günlər var. Məsələn, əgər ay əqrəb bürcündə olarsa, bu vaxtı nikah etmək uğursuzluq gətirəcək. İslam təqvimi ilə baxanda ildə bir neçə məxsusi ayların axırında şəriət nikaha qadağa qoyur.

Çünki bu aydakı nigahlardan olan övladın, ümumiyyətlə ailə üzvlərinin uğursuzluğu baş verə bilər.

Şəriətimizdə konkret olaraq “may ayında toy etmək qadağandır” ifadəsi yoxdur. Belə fikir sadəcə insanlar arasında formalaşıb. Artıq bəzi gənclərimiz var ki, bu cür el adət-ənənələrini sındırmaqla may ayında toylarını edirlər. Bunun heç bir qəbahəti yoxdur. Dediyim kimi, şəriətin müəyyən elədiyi konkret günlər var.  Həmin günlərdə nikah kəsmək uğursuz adlandırılır.Ay əqrəb bürcündə olarsa, o təqribən 10-14 gün müddətində çəkə bilir.
Bu zamanlarda şəriət nikahı konkret olaraq qadağan edir”.