Zelenski oliqarxlara qarşı amansız olacaq

"Ukraynada inqilaba bərabər islahatlar aparıla bilər"

"Bunun üçün eyni siyasi qüvvənin yeni prezidenti, yeni parlamenti və yeni hökuməti də var"

Ukraynanın yeni prezidenti Vladimir Zelenskinin ölkədə islahatlar aparması üçün ilk vacib addım növbədənkənar parlament seçkilərinin keçirilməsi sayılırdı. Artıq bu proses uğurla başa çatıb. Məlumat üçün deyək ki, Ukrayna parlamenti - Ali Rada 450 deputatdan ibarətdir. Krım adası və Sevastopol Rusiya tərəfindən ilhaq edildiyi, Donetsk və Luqansk vilayətlərində Kremlin dəstəyi ilə separatçı rejimlər qurulduğu üçün həmin ərazilərdə seçkilər keçirilməyib. Nəticədə Ali Radada 26 yer boş qalıb. Birmandatlı dairələr üzrə Zelenskinin partiyasına seçicilərin 42,19 faizi səs verib. Dövlət başçısının partiyası majoritar dairələr üzrə isə 106 yer tutub. Bununla da cəmi 227 yer qazanaraq tək başına hökumət qurmaq imkanı əldə edib.
Ukraynadakı siyasi durumu “Şərq”ə dəyərləndirən politoloq Sədrəddin Soltan deyib ki, seçkilər başa çatandan sonra Zelenski Səs Partiyasını koalisiya hökuməti qurmağa çağırıb. Siyasi təşkilatın lideri Svyatoslav Vakarçuk dolayı yolla koalisiya hökuməti qurmağa hazır olduqlarını vurğulasa da, bunun üçün aydın şərtlərin vacib olduğunu da əlavə edib:
“Vakarçukun sözlərinə görə, Ukrayna Avropaya, Avropa İttifaqı və NATO-ya doğru hərəkət etməli, qanun bir nəfər kimi hamıya şamil edilməlidir. İqtisadiyyat oliqarxların nəzarətindən çıxarılmalı, deputatların öz səlahiyyətlərindən sui-istifadə hallarının qarşısı alınmalıdır. Sonuncu parlamentdə hökuməti ovaxtkı hakim Avropa Həmrəylik Partiyası və Xalq Cəbhəsi Partiyası qurmuşdu. Müxalifətin isə 147 deputatı var idi. Demək olar ki, 17 partiya, o cümlədən sonuncu baş nazir Vladimir Qroysmanın “Qroysmanın Ukrayna Strategiyası” siyasi təşkilatı seçkilərdə uğur əldə edə bilmədi. Beləliklə, müxalifət dəyişdi. Rusiyayönlülər parlamentdə də prezident Zelenskinin siyasi xəttinə müxalifətdə olacaqlar. Ancaq sayca az olduqlarından uğur əldə edəcəkləri inandırıcı görünmür. Bu isə Ukraynanın birmənalı şəkildə Avropaya və ya Qərb blokuna inteqrasiyanın sürətlənəcəyi qənaətinə gəlməyə əsas verir”. 
Analitik bildirib ki, növbədənkənar seçkilərdə Ukrayna vətəndaşları prezidentin namizədlərini dəstəklədilər:
“Seçicilər Xalqın Xidmətçisi Partiyasına səs verməklə dövlət başçısının aparacağı siyasi kursu müdafiə etdiklərini ortaya qoydular. Zelenskinin kursunun əsasını isə ölkənin ərazi bütövlüyünün təmin edilməsi, oliqarxların hakimiyyətdən uzaqlaşdırılması, korrupsiyaya qarşı mübarizə, güclü iqtisadiyyat və sosial problemlərin həlli, yeni ordu quruculuğu, korrupsiyasız hökumətin formalaşdırılması və s. təşkil edir. Yaxın tarix deməyə əsas verir ki, bu işdə ona daha çox Gürcüstanın sabiq prezidenti və Odessanın keçmiş qubernatoru Mixail Saakaşvili yardım edə bilər. Ukraynanın keçmiş prezidenti Petro Poroşenkonun sədrlik etdiyi müşavirədə onun daxili işlər naziri Arsen Avakovla mübahisəsi unudulmayıb. Seçkiqabağı təbliğat kampaniyasında Saakaşvili bildirirdi ki, əgər növbədənkənar parlament seçkilərində qalib gəlsə, 25 min korrupsioner məmuru həbs edəcək”. 
S.Soltan bəyan edib ki, Saakaşvilinin seçkilərə bir gün qalmış siyasi kampaniyada iştirakdan imtina etməsi onun gələcək fəaliyyəti ilə bağlı bəzi ehtimalları irəli sürməyə əsas verir:
“Milyarder Bidzina İvanişvilinin rəhbərlik etdiyi Gürcü Arzusu Partiyası hakimiyyətə gəldikdən sonra Saakaşvili Gürcüstan vətəndaşlığından çıxarılıb və barəsində cinayət işi açılıb. Hazırda bu ölkədə keçirilən etiraz aksiyalarının aparıcı qüvvəsi onun tərəfdarlarıdır. Hadisələrin inkişafını nəzərə alaraq, demək olar ki, keçmiş prezident vətəninə qayıdıb yenidən hakimiyyətə başçılıq etməyə cəhd göstərəcək.
Hakimiyyətə gəlməsə belə, Ukraynadakı imkanları ilə Gürcüstanın siyasi həyatına müdaxiləsi davam edəcək.
Zelenski oliqarxlara və korrupsiyaya qarşı mübarizə aparmaq üçün M.Saakaşviliyə səlahiyyət verir. Saakaşvili hakimiyyətdə təmsil olunmur, Ukrayna prezidentinə hakimiyyətdən kənar qüvvə olaraq dəstək verir və ölkənin siyasi həyatında gələcəkdə daha yüksək post uğrunda mübarizə şansını qoruyur.
Zelenski Saakaşvilinin partiyasının üzvlərinə hakimiyyətdə təmsil olunmağa şərait yaradır və s. Belə ehtimal edilir ki, V.Zelenski hökuməti formalaşdırdıqdan sonra korrupsioner məmurlara və oliqarxlara qarşı mübarizəni sərtləşdirəcək. Bu işi aparmaq üçün, heç şübhəsiz, onun, ilk növbədə, qətiyyətli baş prokurora ehtiyacı olacaq. Ona görə M.Saakaşvilinin ən sadiq adamlarından biri olan David Sakvarelidzenin bu vəzifəyə təyin olunacağı gözlənilir.
Göründüyü kimi, Ali Radanı buraxmaq və seçkilərdə qalib gəlməklə “Xalqın xidmətçiləri” daha bir üstünlük əldə etdilər. Zelenskinin qarşısında duran vacib amillərdən biri də Rusiya ilə münasibətləri əvvəlki böhranlı vəziyyətdən çıxarmağa nail olmaqdır. Beləliklə, Ukraynada inqilaba bərabər islahatlar aparıla bilər. Bunun üçün eyni siyasi qüvvənin yeni prezidenti, yeni parlamenti və yeni hökuməti də var”.