Partiya sədri sevinclə qarşılayıb: “...Viza tətbiq etmək məntiqsizlik idi”

“Vizanın ləğv olunması xəbərini böyük sevinclə qarşıladım”. 

Bunu “Sherg.az”a açıqlamasında Ağ Partiya başqanı Tural Abbaslı deyib. 

Partiya sədrinin sözlərinə görə, vizanın tətbiq olunmsı iki qardaş ölkə arasında kiçik də olsa narazılıq  mənbəyi kimi qalırdı: 

“Dəfələrlə məslənin həlli istiqamətində danışıqlar olsa da, rəsmi Bakı bu addımı atmaqda yubanırdı. Nəhayət gec də olsa, məsələnin pozitiv şəkildə həllini tapması sevindirici haldır. Əgər biz Türkiyə ilə Azərbaycana “bir millət, iki dövlət” deyiriksə, bunun qarşılığını mütləq verməliyik. 

Türkiyə bizim təbii strateji müttəfiqimiz və qardaş dövlətimizdir. Belə olan halda bizimlə o qədər də isti münasibətlərdə olmayan ölkələrin vətəndaşlarına vizasız giriş izni verib, Türkiyə vətəndaşlarına viza tətbiq etmək məntiqsizlik idi”. 

T.Abbaslının fikrincə, ümumiyyətlə, qloballaşan dünyada Azərbaycan öz dövlət maraqlarını və təhlükəsizliyini nəzərə alaraq viza məsələlərində daha liberal xətt tutmalıdır: 

“Bunun siyasi tərəfi olduğu kimi turizmin inkişafı kimi iqtisadi tərəfləri də mövcuddur. Həmçinin, 21-ci əsrdə dünyadan investisiya cəlb etmək istəyib, eyni zamanda dünyaya qapalı olmaq olmaz. Odur ki, bu istiqamətdə addımlar atılmalıdır. Qərarın həm Azərbaycanımız, həm də qardaş Türkiyəmiz üçün xeyirlərə vəsilə olmasını diləyirəm”.