Nazirliyin qərarı alqışlandı: “Nəzəriyyədən çox praktika bacarıqları...”

“Pedaqoji kadrlar təhsil aldıqları 4 ilin bir ilini tamamilə məktəbdə keçirəcək”.

Bu barədə təhsil naziri Ceyhun Bayramov bildirib.

Nazir qeyd edib ki, 2019-cu ilin fevralında ali təhsilin bakalavriat pilləsinin yeni standartları müəyyənləşdirilib: 

“Növbəti ildən yeni təsnifata uyğun kadr hazırlanacaq. Yeni təsnifatda praktiki məşğələlərin internatura tipli təcrübələrin miqdarının əhəmiyyətli şəkildə artıb. Düşünürük ki, pedaqoji kadrların hazırlıq prosesində dərsdə olmaları önəmlidir. Odur ki, bakalavrlar təhsil aldıqları 4 ilin birini tamamilə məktəbdə olmalıdır”

Məsələyə münasibət bildirən təhsil eksperti Kamran Əsədov “Sherg.az”a bildirib ki, təhsil nazirliyinin bu təşəbbüsü mütərəqqi, yerində verilmiş qərardır:

“Hazırda bizim 4472 orta təhsil məktəbimizdə çalışan iki minə yaxın müəllim demək olar ki, dövrün tələblərinə cavab verə bilmir. Ona görə ki, onlar ali təhsil müəssisələrində əldə etdiyi biliklər əvvəlki illərə aiddir. Amma indi təhsildə yeni biliklər, bacarıqlar tələb olunur.

Düşünürəm ki, pedaqoji təhsil alan bakalavrların dörd illik təhsilinin biri ili orta məktəblərdə keçməsi sonda müsbət nəticə verəcək.

Tələbələr təhsil dövründə məktəbdə praktika şəklində bir il dərs alıb orta təhsil müəssisələrində işə başladıqda həm psixoloji cəhətdən hazır olacaq, həm də fəaliyyətini daha peşəkar davam etdirəcək.

Dünyanın inkişaf etmiş ölkələrinin təhsildə nəzəriyyədən çox praktika bacarıqları əsas götürülür.

Ona görə də hesab edirəm ki, bu qərar yüksək səmərə verəcək.
Artıq pedaqoji təhsil alan  tələbələr işləyəcəyi məktəb barəsində geniş məlumata sahib olacaq.

Bu baxımdan təhsil nazirinin qərarını müsbət qiymətləndirirəm”.