“Məktəblər şagirdləri paltar almaq üçün razılaşdıqları yerlərə göndərirlər” – İnhisarçılıq 


Natiq Cəfərli: “Yəni, valideynlərə “pulu bizə verin və paltarı biz deyən yerdən alın” formasında ifadələrin işlədilməsi doğru deyil”
“Bu məsələ süni şəkildə hər hansı bir inzibati qayda ilə tənzimlənməməlidir. Çünki inzibati tənzimlənmə yaradılanda insiharçılıq, qiymətin süni şəkildə şişirdilməsi yaranır”

“Nazirlər Kabineti məktəbli geyimi ilə bağlı standart bir tələb qoymalı, valideynlər də istədikləri yerdən həmin tələblər çərçivəsində paltar almalıdır”
Bunu “Sherg.az”a məktəbli geyimləri ilə bağlı narazılıqları şərh edərkən iqtisadçı- ekspert Natiq Cəfərli bildirib. 
Onun sözlərinə görə, bu sahədə problemlər çoxdur:
“Məktəbli geyimləri ilə bağlı inzibati qaydada əmrlə ailələrə göstəriş vermək doğru deyil. Bu sahədə belə bir yönləndirmə olmamalıdır. Məktəb direktorları və inzibati şəxslər bu məsələdə diqqətli olmalıdır.
Valideynlərə heç bir təzyiq göstərmək olmaz. Yəni, valideynlərə “pulu bizə verin və paltarı biz deyən yerdən alın” formasında ifadələrin işlədilməsi doğru deyil. Qanunla bu istehlakçı hüquqlarının pozulmasıdır.
Məktəbli formaları Nazirlər Kabineti tərəfindən təsdiq olunmalıdır. Ona uyğun olaraq rəng və forma baxımında verilən tələblərə uyğun valideynlər övladlarına büdcəsinə və zövqünə uyğun paltar seçməlidir.
Burada problem ondan ibarətdir ki, məktəblər şagirdləri paltar almaq üçün razılaşdığı yerlərə göndərirlər. Bu da öz-özlüyündə həm qanun pozuntusu, həm də valideynlərin narazılığına səbəb olan bir məsələdir. Ona görə də standart məktəbli forması haqda tələb qoymsalar, ailələr də istədikləri yerdən ona uyğun paltar alar və ya özü tikər.
Bu məsələ süni şəkildə hər hansı bir inzibati qayda ilə tənzimlənməməlidir. Çünki inzibati tənzimlənmə yaradılanda insiharçılıq, qiymətin süni şəkildə şişirdilməsi yaranır. Bütün bunlarda ailələrin narahatlığına səbəb olur”.