“Yol terroru” regionlarda da kəskin şəkildə artıb – NİYƏ ? 

Fərhad Eyyubov: “Düşünürlər ki, rayon yerində nəzarət yoxdur və sükan arxasına içkili halda otururlar. Yaxud da nəqliyyat vasitəsini kimə gəldi verirlər. Bilavasitə sürücülərin məsuliyyətsizliyi nəticəsində də qəzalar baş verir”


Son zamanlar regionlarda yol-nəqliyyat hadisələrinin sayı artıb. Hər günümüz dəhşətli qəza xəbərləri və piyada ölümləri ilə başlayır. Gün ərzində regionlarda ən azı 4-5 ağır yol-nəqliyyat hadisəsi baş verir.

Bəzi hallarda sürücü məsuliyyətsizliyi səbəb kimi qeyd olunsa da, qəzalarda piyadaların da günahı az olmur. Bəs, xüsusilə regionlarda qəzaların sayının artmasına səbəb nədir ?

Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti, nəqliyyat eksperti Fərhad Eyyubov “Sherg.az”a bildirib ki, yol-nəqliyyat hadisələri 3 qrupa böülünür: 

“1-ci qrup baş vermə mexanizminə görə olan qəzalardır. Məsələn, maşının aşması, adam vurulması, nəqliyyat vasitəsi ilə toqquşması və.s. 2-ci qrup qəzalar isə ağırlıq dərəcəsinə görə xarakterizə olunur. Yəni, nə qədər xəsarət alanlar və ölənlər olub. 3-cü qrup qəzalar baş vermə yerinə görə seçilir. Məsələn, şəhər tipli yollarda, rayonlarda, magistrallarda olan qəzalar. Ona görə də bu 3 halın hər birini araşdırmaq lazımdır. 100 yol-nəqliyyat hadisəsinə 250 səbəb düşür. Səbəblərin özü də 2 yerə ayrılır. Birbaşa və dolayısı səbəblər. Birbaşa səbəblərə nəqliyyat vasitəsinin xarab, sürcünün yuxulu olması aiddir. Birbaşa səbəblər həddindən artıq çoxdur. Dolayısı səbəblər isə odur ki, məsələn, sürücü evdən əsəbi formada çıxır və bədbəxt hadisə yaşanır. Ona görə də qəzaların hamısı araşdırılmalı və dəqiq səbəblər bilinməli, qarşısını almaq üçün müəyyən tədbirlər görülməlidir”. 

Ekspert qeyd edib ki, hazırda regionlarda baş verən yol qəzalarının müxtəlif səbəbləri var. Lakin əsas səbələrdən biri rayonlarda standartlardan kənar nəqliyyat vasitələrinin çox olmasıdır:

“Bakı şəhərində olan köhnə avtomobilləri ucuz qiymətə regionlara göndərirlər. Texniki cəhətdən nasaz olan avtomobillər yola çıxan zaman avtomagistralda sürət həddi ilə uzlaşmırlar deyə qəzalar baş verir. Yəni, nəqliyyat vasitələrinin texniki tələbləri yüksək səviyyədə olmadığı üçün müasir yol infrastrukturunun sürət rejimi ilə ayaqlaşmır. Bu, qəzaya səbəb olan əsas amillərdən biridir. 

Digər səbəb isə rayonlarda çox adamın səhlənkarlıq etməsidi. Düşünürlər ki, rayon yerində nəzarət yoxdur və sükan arxasına içkili halda otururlar. Yaxud da nəqliyyat vasitəsini kimə gəldi verirlər. Bilavasitə sürücülərin məsuliyyətsizliyi nəticəsində də qəzalar baş verir. 

Regionlarda yolların müəyyən qədər nahamar olması da qəzalara səbəb ola bilər. Bu yaxınlarda Masallı tərəfdən 8 nəfərin ölümü ilə nəticələnən yol qəzası sürücünün passiv diqqətsizliyi nəticəsində baş verib.

Sürücülərdə aktiv və passiv diqqət modeli var. Aktiv diqqət insanın şüurundan asılı olaraq yola ciddi nəzarət etməsidir.

Passiv diqqət isə insan iradəsindən asılı olmayaraq həyəcanlanmadan və s. səbəblərdən yaranır. Regionlarda da belə hallar çox yaşanır. Yəni, sürücülər məsuliyyətsiz olur və passiv diqqət nəticəsində yolun kənarına baxır, yaxud yanında oturan sərnişinə fikir verir.

Əvəllər regionlarda yol-nəqliyyat hadisələri az olurdu. Çünki əvvəllər regionlarda sürət rejimi az idi. İndi isə turizmlə əlaqədar olaraq bütün rayonlar Bakı ilə əlaqədardır. Şənbə və bazar günləri Bakıdan regionlara gedən maşınlar çox olur və gərginlik artır.

Ona görə də regionlarda Dövlət Yol Polisi tərəfindən müəyyən maarifləndirici işlər görülməlidir”.