Ermənistan qaynar qazana dönüb...

Anar İmanov: "Paşinyan hakimiyyətə gəldikdən sonra vəziyyət daha da pisləşib, intiharlar, ölkədən getmə halları, rüşvətxorluq, qanunsuzluqlar artıb"

Ermənistanın sosial-iqtisadi vəziyyəti günbəgün pisləşməkdədir. Hər keçən gün iqtisadi səfalət, yoxsulluq və işsizlik bir qədər də artmaqdadır. Ötən il baş verən hakimiyyət dəyişikliyindən sonra baş nazir postuna yiyələnən Nikol Paşinyan ölkənin iqtisadi durumunun yaxşılaşdırılması ilə bağlı müəyyən vədlər versə də, faktiki olaraq bunu reallaşdıra bilməyib. Buna görə də Ermənistanda sosial etirazlar, əhalinin iqtisadi durumu ilə bağlı narazılıq genişlənir. Əhalinin müxtəlif təbəqələri hər həftə küçələrə çıxaraq dözülməz sosial durumdan şikayət edirlər. Aksiyaçılar baş nazirdən verdiyi vədləri reallaşdırmasını istəyirlər. Ekspertlər isə vurğulayırlar ki, Dağlıq Qarabağ münaqişəsi həll edilmədən Ermənistanın sosial durumunun düzəlmə ehtimalı sıfıra bərabərdir. 

Düşmən ölkənin acınacaqlı vəziyyətini “Şərq”ə təhlil edən siyasi şərhçi Anar İmanov deyib ki, Ermənistanın sosial durumunun düzəlmə ehtimalı çox azdır. Onun sözlərinə görə, hazırda Ermənistan qaynar qazanı xatırladır:

“Əhali etiraz edir, iqtisadi durum pisləşir, rəhbərlik isə yalançı vədlər verməklə məşğuldur. İnsanlar ədaləti Ermənistanda yox, ölkədən kənarda axtarırlar. Məsələn, Yuri Vardanyan, Şuşanik Nanuşyan və Artaşes Vardanyanın mülkiyyəti dövlətin xeyrinə əllərindən alınıb. Kompensasiya olaraq Vardanyanlara 114 min dollar ödənilib. Halbuki evin bazar qiyməti 581 min dollar olub. İddiaçılar İnsan Haqları üzrə Avropa Məhkəməsinə (AİHM) müraciət etdilər və orada adaləti bərpa edə bildilər.

AİHM-nin qərarına əsasən, Ermənistan Yuri Vardanyana qərarın qüvvəyə minməsindən sonra 3 ay ərzində bu məbləğləri ödəməlidir. Yəni Ermənistanda bütün sahələrdə vəziyyət eynidir. Hərbi sahədə vəziyyət daha faciəlidir. Məsələn, iyulun 24-də Ermənistan ordusunun əsgəri, 19 yaşlı Volodya Qaloyan naməlum səbəbdən ölümcül güllə yarası alıb. Guya insidentin təfərrüatları araşdırılır. Bu yaxınlarda isə Ermənistan ordusunda iki intihar faktı qeydə alınıb. İlkin məlumatlara görə, intiharların səbəbi həmin əsgərlərin xidmət etdikləri hissələrdə sərt dedovşina və özbaşınalıqdır”. 

Ekspert Ermənistanın hər gün daha da zəiflədiyini vurğulayıb:

“Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra vəziyyət daha da pisləşib, intiharlar, ölkədən getmə halları, rüşvətxorluq, qanunsuzluqlar artıb. Bütün bunları görən Paşinyan çox gözəl anlayır ki, artıq oynadığı oyunun sonu gəlir. Baş nazir bu yaxınlarda hətta qohumlarının mühafizəsini də gücləndirib. Ermənistan KİV-ləri xəbər verir ki, bu məqsədlə Paşinyanın İcevanda yaşayan valideynlərinin evinin qarşısında post quraşdırılıb. Yerli əhalinin Paşinyanın valideynlərindən qisas alacağından ehtiyat edilir. Sadalananların hamısı Paşinyanın sonunu göstərən amillərdir. Nikolun yarıtmaz siyasəti Ermənistanı dalana dirəyib. Ermənistanda bir çoxları başa düşürlər ki, xoşbəxt gələcək qonşu ölkələrlə sülh siyasətinin bərpasından asılıdır. Bu siyasətin başlanğıcında isə Azərbaycanın əzəli torpaqlarının qaytarılması dayanır. Paşinyanın indiki siyasəti ilə Ermənistanın gələcəyi yoxdur”.