Uşaqlara daha çox ərəb adlarının qoyulmasına etiraz: “...Mənasını bilmir, amma...”

Firudin Cəlilov:"Dilçilik İnstitutu və Milli Elmlər Akademiyası bu işlə ciddi məşğul olmalıdır. Yoxsa bir ildə doğulan uşaqların yarıdan çoxusuna ərəb adları qoyulur. Bu, düzgün deyil"
 



İnsana verilən ad gözəl və mənalı olmalıdır. Belə bir inam var ki, ad insanın taleyinin necə olmasında rol oynayır. Bir insan gün ərzində bütün sözlərdən çox öz adını eşidir. Gözəl sözü davamlı eşitmək isə insana xoş əhval-ruhiyyə bəxş edir.

Bəs bu il Azərbaycanda doğulan körpələrə ən çox hansı adlar qoyulub?
Bu il ölkəmizdə dünyaya gələn oğlan uşaqlarına qoyulan adlar arasında Yusif (1219), Əli (1127), Hüseyn (954) adları ilk üçlükdə yer alıb.
Bundan başqa, oğlan uşaqlarına Uğur (937), Ömər (699), Məhəmməd (677), Murad (672), Ayxan (538), Tunar (466), İbrahim (360), Ümid (360), Raul (359), Rəsul (329), Emil (319), Mehdi (301), Həsən (290), Kənan (280), Adəm (273), Cahid (261), Rəvan (258) adları daha çox verilib.
Ölkəmizdə yeni doğulan körpələrə daha çox ərəb adları qoyulur. Görəsən, ərəb adlarının üstünlük təşkil etməsinə səbəb nədir? 
Ərəb və fars adlarının qoyulmasının çox böyük qəbahət olduğunu deyən dilçi-alim, professor Firudin Cəlilov “Sherg.az”a bildirdi ki, Azərbaycanda ərəb adlarının çox qoyulması əhalinin savad dərəcəsi ilə bağlıdır:
“Valideynlərin çoxusu ərəb adının heç mənasını bilmir, amma sırf dəb olsun deyə övladına həmin adı qoyur. Ad insan həyatında vacib əlamətlərdən biridir. Uşaq dünyaya gələndə ona ad verilir. Sonra isə o həmin adı bütün ömrü boyu bir yük kimi daşımalı olur”.
Professor bildirib ki, uşaqlara ad qoyanda mütləq onun taleyini fikirləşmək lazımdır:
“Bəzən olur ki, kimsə valideyninin “qanını qaraltmamaq” üçün körpəsinə istəmədiyi adı qoyur. Hər kəs dövlət tərəfindən hazırlanmış siyahıdan ad seçməlidir. Dilçilik İnstitutu və Milli Elmlər Akademiyası bu işlə ciddi məşğul olmalıdır. Yoxsa bir ildə doğulan uşaqların yarıdan çoxusuna ərəb adları qoyulur. Bu, düzgün deyil. Təbii ki, bəzən ərəb adlarının qoyulması da lazımdır. Çünki elə ailələr var ki, dindardır və ərəb adlarını qoymaq onların öz işləridir. Amma uşaqların gələcək taleyini də düşünmək lazımdır.
Elə etməliyik ki, onlar heç vaxt adlarından utanmasınlar”.