“İctimai çimərliklərlə bağlı ağızdolusu danışılır, amma...” – NARAZILIQ !

 Məhərrəm Zülfüqarlı: “Hətta keçən dəfə Bakı şəhər İcra Hakimiyyətinin nümayəndəsi də bu barədə məlumat verdi. Amma onun danışığından başa düşmək olurdu ki, verilən vədlər sadəcə bir söz olaraq qalacaq”


Çimərlik mövsümündə vətəndaşlardan daxil olan müraciətlər, onların istək və arzuları nəzərə alınaraq paytaxtın bir sıra dənizkənarı ərazilərində ictimai çimərliklərin yaradılması işlərinə başlanıb.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətinin rəhbəri İsrafil Kərimov məlumat verib.

Lakin ictimai çimərliklərlə bağlı müəyyən narazılıqlar var. Novxanıda yerləşən ictimai çimərlikdə vətəndaşlardan ödəniş tələb olunur. Hadisə ilə bağlı “Sherg.az”a paytaxt sakini İmanov Əlizamin Yusif oğlu məlumat verib. Şikayətçi ictimai çimərlik olmasına baxmayaraq ondan israrla pul tələb edildiyini bildirib. 

Onun sözlərinə görə, pulu tələb edən şəxs Fövqaladə Hallar Nazirliyində kadrlar şöbəsində çalışdığını bildirən cavan oğlan olub. Vətəndaş son anda məcbur qalaraq 3 manat ödəniş edib.

İctimai çimərliklərin qanunvericiliklə pulsuz olmasına baxmayaraq müəyyən xoşagəlməz hallar yaşanmaqdadır. Bəs, bu sahədə hansı tədbirlər görülməlidir ki, özbaşınalıqlara son qoyulsun?

Azərbaycanda çimərliklərlə bağlı problemlərin çox olduğunu deyən AVCİYA-nın seçki qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı “Sherg.az”a bildirdi ki, ictimai çimrəliklərlə bağlı ağızdolusu danışılsa da, bunlar söz olaraq qalır:

“Səhiyyə sistemində rüşvətxorluğun olması hər kəsə məlumdur. Dövlət xəstəxanaları pulsuz olsa da, rüşvət baş alıb gedir. Bir var hansısa işin sözdə deyilməsi, bir də var ki, həyatda real olaraq işlərin görülməsi. Düşünürəm ki, bu problemlərin həlli üçün güclü islahatlar lazımdır. Yeni kadr potensialı yaradılmalıdır. Köhnə və sovet təfəkkürü olan insanlarla bu dəyişiklikləri etmək mümkün deyil. Çünki onların hamısının sözü və əməli heç vaxt uyğun gəlməyib”.

M.Zülfüqarlı son zamanlar ölkəmizdə ictimai çimərliklər barədə çox danışıldığını dedi:

“Hətta keçən dəfə Bakı şəhər İcra Hakimiyyətinin nümayəndəsi də bu barədə məlumat verdi. Amma onun danışığından başa düşmək olurdu ki, verilən vədlər sadəcə bir söz olaraq qalacaq. Azərbaycan vətəndaşının maliyyə və iqtisadi vəziyyəti yaxşılaşmalıdır. Vətəndaşın aldığı əmək haqqı çox olarsa, heç belə məsələlər gündəmə gəlməz. Onlar da xarici turistlər kimi istədikləri yerdə dincələ bilərlər. Ölkəmizdə iqtisadi çətinlik var, dövlət məmurları da müəyyən sözlər verirlər, amma ortada  heç nə yoxdur . Çünki onlar çimərlik və xəsətəxanalara nəzarəti layiqli həyata keçirmirlər. Ona görə də problemlər həll olunmur.

Məsələn, Çin Xalq Respublikasında 1980-1990-cı illərdə çox böyük problemlər var idi. Onlar real islahatlar apardılar. Kiçik və orta sahibkarlara yaşıl işıq yandırıldı. Ona görə də Çin inkişaf etdi və hazırda dünyada bütün bazarlarda başqa ölkələrə meydan oxuyur. Çünki onlar verilən vədləri sadəcə söz xatirinə demirdilər, müəyyən işlər görürdülər. Bizdə isə çox deyilir ki, regionların inkişafı üçün filan işlər görülsün, neft sahəsindən kənarda inkişaf olsun. Lakin reallıqda bunu görmürük.

Məlumdur ki, Prezident rayon icra hakimlərinə xarici investisiyanın cəlb edilməsi ilə bağlı göstəriş vermişdi. Amma icra başçılarının heç biri bu investisiyasları cəlb edə bilmədi. Çünki mühit yoxdur. Elə bir şərait yaradılmalıdır ki, Türkiyədə, Rusiyada olan kapitalistlərimiz gəlib ölkəmizə pul qoysunlar. Təəssüf ki, bu mühiti yarada bilmirlər. İcra başçılarının yanına gedən hər kəs başını tutub qaçır. Ona görə də digər sahələrdə olduğu kimi, ictimai çimrəliklərdə də problemlər yaranır. Ölkədə bu sahədə ciddi islahatlar olmalıdır ki, məsələ həllini tapsın”.