Ekspert ƏƏSMN-nin addımını təqdir etdi, amma ƏMMA DA GÖSTƏRDİ...


Nazim Bəydəmirli:“Onlara verilən mal-qara ilə öz ailə təsərrüfatını formalaşdırıb, maddi imkanını toparlayan vətəndaşlar bir müddət sonra normal dolanma şəraitinə malik ola bilər. Lakin bu sahədə də korrupsiya halları yaşanır”


“Məsələn, kütləvi informasiya vasitələrində yayılan şəkillərdən görürük ki, insanlara verilən heyvanların bəziləri heç də inkişaf üçün yararlı deyildi. Bu da bizlərdə mənfi, neqativ fikir formalaşdırdı”



Ötənlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən 2019-cu il üzrə özünüməşğulluq proqramına cəlb olunmuş işsiz və işaxtaran vətəndaşlara biznes-planlarına uyğun olaraq mal və materialların verilməsinə başlanıb. Nazirlik yanında Dövlət Məşğulluq Xidməti tərəfindən artıq 7 rayonda- Sabirabad, Hacıqabul, Beyləqan, Xocavənd, Salyan, Tərtər və Neftçala- 132 ailəyə heyvandarlıq təsərrüfatlarını qurmaq üçün mal-qara verilib.

Bu addımı dəyərləndirən iqtisadçı- ekspert Nazim Bəydəmirli “Sherg.az”a söyləyib ki, özünüməşğulluq çox mütərəqqi addımdır:

“Bu proses daha şəffaf aparılsa, yerli icmaların nəzarəti altında baş versə, daha yaxşı olar. Istənilən halda bu təşəbbüsü müsbət qiymətləndirirəm. Çünki dövlətdən mütəmadi sosial yardım alan vətəndaş büdcəyə yük olur.

Amma bu cür güzəşt almaqla öz ailə təsərrüfatını formalaşdırıb, maddi imkanını toparlayan vətəndaşlar bir müddət sonra normal dolanma şəraitinə malik ola bilər. Lakin bu sahədə də korrupsiya halları yaşanır. Şəxsi maraqlarını dövlət maraqlarından üstün tutan bəzi qurumlar, vəzifəli şəxslər var.

Məsələn, kütləvi informasiya vasitələrində yayılan şəkillərdən görürük ki, insanlara verilən heyvanların bəziləri heç də inkişaf üçün yararlı deyildi. Bu da bizlərdə mənfi, neqativ fikir formalaşdırdı.

Təəssüf edirəm ki, bütün bu olanlar şəffaflığın olmaması ilə bağlıdır. Yəni, bəzi qurumlara yaxın olan insanlar dövlət vəsaitlərinin mənimsənilməsi prosesində iştirak edir. Xaici ölkələrdən gətirilən sağmal inəklər, bitki növlərinin sadə insanlara verilməsində korrupsiya hallarına yol verilir.

Lakin ümumilikdə bu tendensiyaya müsbət yanaşıram.

Çünki bu təşəbbüs, regionlarda insanların sosial-iqtisadi rifahını yaxşılaşdıra, regionlarda məhsul bolluğuna, qiymətlərin optimallaşmasına şərait yarada bilər. Amma proses şəffaf olmalıdır.
Və məmurlar bu sahədən nə qədər uzaq olsa, təşəbbüs o qədər effektiv olar”.