“Kənd təsərrüfatının inkişafı ölkəyə daha çox valyuta gətirəcək”


Bir neçə ildir ki, Azərbaycanda kənd təsərrüfatının kompleks şəkildə inkişaf etdirilməsi üçün əsaslı islahatlar aparılır. Pambıqçılıq, baramaçılıq, üzümçülük, tütünçülük və s. sahələrin inkişafına dair ardıcıl tədbirlərin həyata keçirilməsinə başlanılıb. Bu tədbirlər ölkənin qeyri-neft sektorunun inkişaf etməsi, ixrac potensialının daha da yüksəlməsi, əhalinin məşğulluğunun artırılması, maddi durumunun yaxşılaşması və digər hədəflər üçün nəzərdə tutulub.

Ötən dövr ərzində danışılan sahələr üzrə çox böyük işlər görülüb ki, bu gün onun nəticələrini fermerlər, təsərrüfatla məşğul olan şəxslər, kənd sakinləri görürlər.

İqtisadi və Sosial İnkişaf  Mərkəzinin rəhbəri Vüqar Bayramov da “Sherg.az”a açıqlamasında qeyd edib ki, kənd təsərrüfatının inkişafı Azərbaycan üçün prioritet məsələdir: 

“Ölkəmizdə qeyri-neft sektorunun inkişafı dəstəklənməlidir. İqtisadiyyatımızın dayanıqlığı praktik olaraq qeyri-neft sektorunun inkişafından asılıdır. Ona görə də qeyri-neft sektorunun dəstəklənməsilə bağlı fəaliyyətlərin genişləndirilməsi olduqca vacibdir. 

Dövlət dəstəyinin artırılması kənd təsərrüfatı mövqeyinin möhkəmlənməsinə gətirib çıxaracaq. Bu, imkan verəcək ki, qeyri-neft sektoru üzrə ixracatın çəkisini artırmaq mümkün olsun. Ümumiyyətlə, kənd təsərrüfatı dayanıqlı iqtisadi inkişaf baxımından çox vacibdir. Bu sahənin inkişafı ölkəyə daha çox valyuta gətirəcək. Bu baxımdan cənab prezident kənd təsərrüfatının inkişafını daim diqqətdə saxlayır”.