BNA ilə bağlı video-çarx aləmi qatdı: “...insanlıqdan kənar davranışdır” – Qurum niyə susur ? + Video

Elməddin Muradlı: "Amma video- rolikdəki kimi, BNA əməkdaşı sürücüyə yaxınlaşır görür ki, halı pisləşib və ona kömək etmək əvəzinə cərimə yazırsa, həmin şəxs BNA-da qalıb xidmət etməli deyil”
“Son zamanlar BNA-ya qarşı aparılan kapmaniyalar daha da şiddətlənə bilər. Ona görə də elə əməkdaşaları işdə saxlamağa dəyməz”



Ötənlərdə tanınmış aktyor Kənan Yusifovun Bakı Nəqliyyat Agentliyinin (BNA) fəaliyyətinə dair hazırladığı video-çarx sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Həmin rolikə yazılan rəylərdən də aydın görünür ki, sürücülərin çox BNA-nın fəaliyyətindən narazıdır. 
Əksəriyyət yazıb ki, BNA əməkdaşlarının düşündüyü ancaq sürücülərə cərimə yazmaqdır. Özü də bu cərimələr sürücülər sükan arxasında ölümlə mübarizə apararkən də yazılır. Rolikdə də qeyd olunub ki, hazırda agentlik yalnız və yalnız qayda pozuntusunu güdərək sürücünü cərimələmək üçün fürsət axtarır.
Ümumiyyətlə, son zamanlar BNA-nın fəaliyyətinin qənaətbəxş olmadığına dair söz-söhbətlər bitmək bilmir. Sürücülərin çoxu mövcud durumdan narazıdır. Hətta dəfələrlə agentliyin fəaliyyəti ilə bağlı sosial şəbəkələrdə neqativ video və şəkillər yayılıb. Növbəti video- rolik də onlardan biridir. 


Məsələni dəyərləndirən “Avtosfer.az” saytının baş redaktoru, nəqliyyat eksperti Elməddin Muradlı “Sherg.az”a bildirdi ki, həqiqətən də belə bir hal baş veribsə, bu, insanlıqdan kənar bir davranışdır. 
Ekspertin sözlərinə görə, kimliyindən asılı olmayaraq, istər BNA, istərsə də Dövlət Yol Polisi əməkdaşı sürücünün səhhəti ilə bağlı xoşagəlməz məqam aşkar edirsə və həmin adama kömək göstərmək əvəzinə cərimə yazmağı önə çəkirsə, bu, normal yanaşma deyil:
“Əvəllər də BNA ilə bağlı bir neçə belə şikayətlər olub. Bir nəfər foto paylaşmışdı ki, avtomobilin təkərində problem yaranıb və fotolardan da göründüyü kimi sürücü təkəri dəyişir. Bu zaman ona dayanma və durma qaydalarını pozduğu üçün cərimə gəlir. Əslində bu olanlarda BNA-nı da qınamıram. Çünki agentliyin avtomatik rejimdə işləyən cihazları var. Həmin cihaz başa düşmür ki, sürücü təmir işləri aparır, yoxsa ürəyi gedib. Sürücünü elektron qaydada kamera çəkir və cəriməni ona göndərir. Burada sadəcə vətəndaşdan tələb olunan odur ki, şikayət məktubu yazaraq agentliyin nümayəndələrinə fotolara baxmağı bildirsinlər. Həqiqətən də belə hallar baş verən zaman fotolara baxıb cəriməyə xitam verirlər. Ona görə də belə hallarda sürücülər şikayət etməlidirlər. Amma video- rolikdəki kimi, BNA əməkdaşı sürücüyə yaxınlaşır görür ki, halı pisləşib və ona kömək etmək əvəzinə cərimə yazırsa, həmin şəxs BNA-da qalıb xidmət etməli deyil”. 
E.Muradlı deyib ki,bəzən sürücülərimiz də cərimədən yaxa qurtarmaq üçün hər cür vasitəyə əl atırlar:
“Məsələn, sürücü kameranın təsir zonasına dayanıb və yaxud taksi fəaliyyəti ilə məşğul olur. Bu zaman gətirib nömrənin üstünə əski parçası atır ki, kamera onu çəkməsin. Yaxud da yalandan zərurət olmadan avtomobili saxlayıb “kapot”u açıq qoyur, guya təmir gedir və texniki nasazlıq baş verib. Amma baxırsan ki, orada dayanıb kiminləsə söhbət edir. Bu cür hallara yol verənlər də var. Amma müəyyən məsələlər var ki, onu başa düşmək lazımdır. Məsələn, bir nəfər Azneft istiqamətindən hərəkət edir. Həmin şəxs ya xəsətlənib, ya da ayaqyoluna getmək istəyir. Bu zaman maşını bulvarın qırağında saxlayır və gedib ayaqyoluna dəyir. Gələndə isə görür ki, cərimə yazılıb. Başa düşmürlər ki, bu adam ölməli deyil! Canlı ünsiyyətdə sürücü başa salır ki, filan səbəbdən maşını saxlamışam. Ona kömək edib anlayış göstərmək əvəzinə cərimə yazmaq düzgün deyil. Bu, dövlət qurumları ilə vətəndaşlar arasında problem yaradır. Əgər belə bir fakt varsa, BNA rəhbərliyi məsələni ciddi nəzarətə götürməlidir və həmin əməkdaş agentlik sistemində fəaliyyət göstərməli deyil. Çünki BNA əməkdaşı bu gün belə edirsə, sabah daha kobud hərəkətlərə yol verəcək. Beləliklə, son zamanlar BNA-ya qarşı aparılan kapmaniyalar daha da şiddətlənə bilər. Ona görə də elə əməkdaşaları işdə saxlamağa dəyməz”.
Hadisə ilə bağlı BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayevlə əlaqə saxladıq. Qurum sözçüsü sözügedən video- rolik və tənqidlərlə bağlı açıqlama vermək istəmədiyini bildirdi.