17 yaşlı qızın intiharı “soyuq duş” effekti yaratdı: “Yüzlərlə belə qızımız var” – Mərhumun son VİDEOSU

Günəl Səfərova:"Baş verən hadisədə valideyn cahilliyi ilə yanaşı qanun pozuntusu da var. Qızı intihar etmə həddinə çatdırdığı üçün hər iki valideyn cəzalanmalıdır”
 “Həmin qız kimi yüzlərlə mənən ölmüş qızlarımız var. Çünki onlar da çox erkən yaşda evləndirilirlər. Ola bilsin ki, özlərini öldürməyiblər, amma mənəvi olaraq yaşamırlar”


Zaqatala rayonunda 17 yaşlı qız intihar edib. 2002-ci il təvəllüdlü Gülər Vüqar qızı İsmayılovanın meyiti yaşadığı evin həyətyanı sahəsində tapılıb. O, özünü həyətlərindəki tövlədə kəndirlə asıb. 
G.İsmayılovanın intihar səbəbi kimi zorla sevmədiyi birinə nişanlanması olub. Məlumata görə, qızın sevdiyi oğlan universitetdə oxuyur. Oğlan G. İsmayılovaya deyib ki, “indi evlənə bilmərik, universiteti bitirim sonra ailə həyatı quraq”. Qız da onunla razılaşıb. Lakin G. İsmayılovanın  ailəsi onu başqa oğlanla nişanlamağa hazırlaşırmış və “həri”si verilibmiş. 
Məsələni dəyərləndirən “Gənc Vətəndaş” Maarifləndirmə İctimai Birliyinin icraçı direktoru Günəl Səfərova “Sherg.az”a bildirib ki, baş verən hadisədə valideyn cahilliyi ilə yanaşı qanun pozuntusu da var: 
“Qanunvericiliyə görə, vətəndaşın 18 yaşı tamam olmamış nikaha daxil olmalı deyil. Yalnız 2 halda bu yaş 17-yə salına bilər: valideynlərin ölümcül xəstəliyə tutulması və hamiləlik faktoru. Amma burada da yenə qarşı tərəfin istəyi nəzərə alınmalıdır. Həmçinin bir insanı öldürmə həddinə çatdırmaq da qanun pozuntusu hesab olunur.
Validyenlər Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə ittiham olunmalıdır. Çünki bu hal baş verməsə, qız intihar etməzdi. Qızı intihar etmə həddinə çatdırdığı üçün hər iki valideyn cəzalanmalıdır. Düşünürəm ki, bu hadisə digər valideynlərə də dərs olmalıdır. Türkiyədə qadına, uşağa və özünü müdafiə etmək qabiliyyəti olmayan insana qarşı bu cür təzyiq göstərənlərə “misilləmə cəzası” verilir. Bu cəza olduqca ağır hesab olunur”.
G.Səfərova bildirib ki, bu hadisədə dövlət qurumlarının da fəaliyyətsizliyi özünü göstərir:
“Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsi, Təhsil Nazirliyi və digər qurumlar uşaq müdafiə siyasətində nizamlayıcı sistem yaratmalıdırlar. Bu sistem vasitəsilə uşaq qaynar xəttə müraciət edə bilərdi ki, neqativ hal baş verməsin. Hadisəni Feysbuk hesabımda paylaşanda bir anlıq düşündüm ki, özünü fiziki öldürənlərdən başqa, həmin qız kimi yüzlərlə mənən ölmüş qızlarımız var. Çünki onlar da çox erkən yaşda evləndirilirlər. Ola bilsin ki, özlərini öldürməyiblər, amma mənəvi olaraq yaşamırlar”.