Həkimdən çağırış:“Mayonez, dönər və süd məhsulları...!” – Zəhər saçır

Ölkəmizdə 14 nəfər qidadan zəhərlənib. Bu ilin iyul ayı ərzində Qida Təhlükəsizliyi Agentliyinin 1003 “Çağrı Mərkəzi”nə ümumilikdə 1632 müraciət daxil olub.

Daxil olan müraciətlərdən 302-i sertifikatlaşdırma və qeydiyyat, 355-i idxal-ixrac əməliyyatları, 175-i istehlakçı hüquqlarının pozulması halları ilə bağlı olub.Qida zəhərlənmələri ilə bağlı agentliyə 41 müraciət daxil olsa da, onların yalnız 14-ü təsdiqini tapıb.
Xüsusilə yay aylarında qida zəhərlənmələrinə daha çox rast gəlirik. Yuyulmayan meyvə və tərəvəzlər, düzgün şəraitdə saxlanılmayan müxtəlif qida məhsulları olduqca təhlükədir. Onu da əlavə  edək ki, yayda ən çox zəhərlənmə süd və süd məhsullarının qəbulu zamanı da baş verir. 
Həkim-allerqoloq Şahvələd Məmmədov “Sherg.az”a açıqlamasında bildirdi ki, qida zəhərlənmələri ilə bağlı 41 müraciətdən yalnız 14-ü zəhərlənmə kimi təsdiqini tapıb. Çünki hər qusma və qaytarma qida zəhərlənməsi demək deyil:
“Zəhərlənmə zamanı müəyyən yoxlamalar aparılır. Həmçinin həkim xəstədən nə yediyini soruşur. Adətən yay aylarında meyvə-tərəvəzlər soyuq yerdən kənarda, günəş altında qalanda müəyyən təhlükəli məqamlar yaşana bilər.
Yayda ən çox qida zəhərlənmələri mayonezlərdən olur. Mayonez elə bir məhsuldur ki, onun günəş şüaları altında yarım saat qalmağı kifayətdir ki, təhlükəli olsun. Çünki mayonez günəş altında qaldıqda bütün keyfiyyətini itirir və zəhərlənmə verir.
Dönərdən zəhərlənmə halları da olduqca çoxdur. Dönərxanalarda yüksək sanitariya şəraiti olmadığı üçün durum qənaətbəxş deyil. Bakı şəhərində kifayət qədər dönərxanalar var. Amma dövlət səviyyəsində xəbərdarlıq edilib ki, toyuq dönərinin satışı qadağandır. Mal ətindən hazırlanan dönərlərin də əksəriyyəti keyfiyyətsiz olur. 
Bəzən müddəti bitmiş süd məhsulları da zəhərlənməyə səbəb ola bilər. Marketlərdə aldığımız bütün süd məhsullarına diqqət yetirməliyik. Amma 41 müraciətdən 14-ü təsdiqini tapıbsa, yerdə qalan 27 nəfərin şikayətinin adı kəskin qastrit adlanır. İnsan qidaları qarışıq şəkildə qəbul edir və orqanizmdə maddələr mübadiləsi pozulur. Buna qida zəhərlənməsi demək olmaz. İnsanlar mayonez, dönər və süd məhsulları alarkən diqqətli olsunlar ! ”