İvanişvili qaranlıq fiqura çevrilib

Gürcüstan başqa ölkələrdən gələn təlimatlarla idarə olunur

Gürcüstanın “boz kardinalı” Bidzina İvanişvilinin Rusiya ilə yaxınlaşmaq siyasəti Azərbaycanla əlaqələrin korlanması fonunda davam etdirilir. İddialara görə, Gürcüstan Prezidenti Salome Zurabişvili və oliqarx İvanişvili Qərbin Cənubi Qafqazdakı enerji layihələrini sabotaj etməklə, Rusiya ilə əlaqələri inkişaf etdirməyi planlaşdırırlar. Yəni “Gürcü Arzusu” partiyası növbəti dəfə məhz Rusiyanın siyasi dəstəyi ilə hakimiyyətdə qalacağını düşünür. Çünki İvanişvili artıq xalqın onun sisteminə qarşı etirazını bilir və növbəti seçkilərdə hakimiyyətdən gedəcəyinə şübhə etmir. Ona görə də Moskvaya arxalanmaqla özünə siyasi dəstək alır. 

Şimal qonşumuzda baş verən siyasi olayları “Şərq”ə dəyərləndirən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Moskva İvanişvilini dəstəkləyir və baş verən daxili etirazlara rəğmən, Gürcüstanla əlaqələri inkişaf etdirməyə çalışır: “Bir sözlə, rəsmi Tiflis başqa ölkədən gələn təlimatlarla idarə olunur. Hazırda İvanişvili daxili etirazlara görə Qərblə əlaqələri kəskin formada korlamağa cəsarət etmir. Əgər növbəti dəfə hakimiyyətdə qalarsa, Qərbdən uzaqlaşmaq siyasi kursunu açıq şəkildə davam etdirəcək.

Rəsmi Tiflisin Azərbaycanla əlaqələrə zərbə vurmaq siyasəti Qərbin regionda enerji maraqlarına da zərbə vurmaq mahiyyəti daşıyır. İstisna edilmir ki, ABŞ və Avropa növbəti seçkilərdə İvanişvilinin Rusiya layihəsi olduğuna görə hakimiyyətdən getməsi üçün siyasi proseslərə başlayacaq.

Qərb yenidən Saakaşvilinin “Vahid Milli Hərəkat” Partiyasını dəstəkləyəcək. Bir neçə ildir Qərb Azərbaycan və Gürcüstanı strateji tərəfdaş etməklə Cənubi Qafqazda siyasi-iqtisadi və enerji layihələrini reallaşdırır. Bu cəhdlər Rusiyanın bölgədəki təsirini əhəmiyyətli dərəcədə azaldıb. Gürcüstan rəhbərliyinin apardığı siyasət isə regionda təhlükəsizliyi təhdid edir və Qərbin siyasətinin inkişafının qarşısnı alır”. 

Analitikin sözlərinə görə, Gürcüstan vətəndaşları və ictimai-siyasi dairələr Azərbaycanla əlaqələrin korlanmasını İvanişvilinin sisteminə bağışlamayacaq. İvanişvili hakimiyyəti başqa ölkənin iqtisadi və enerji maraqlarını təmin etməklə ölkəsinin işğalını rəsmiləşdirir və müstəqilliyinin üzərindən xətt çəkir”.