"Maşın"ın 18-ci sürətini gözləməyə dəyər"


Murad Dadaşov: "Bu dəfə iştirakçılar həddindən artıq maraqlı simalardan təşkil olunacaq"
"İştirakçı xanımlara məsləhətim odur ki, şou zamanı sona qədər kartlarını açıq sərgiləməsinlər. Bir az gizli tərəflər saxlasınlar"Xalq artisti Murad Dadaşov məşhur "Maşın" şousuna  növbəti dəfə start verəcək. Yarışma bu dəfə oktyabrda keçiriləcək. Yenə də məşhur simalar avtomobil uğrunda mübarizə aparacaqlar.
Qeyd edək ki, "Maşın"ın 17-ci buraxılışından sonra M.Dadaşov şoudan getmək istədiyini bildirib.
O, açıqlamasında "Sonuncu şou çox enerjimi aldı. Ən maraqlı sürətlərdən hesab edirəm. Bu qədər təəccübləndiyim olmamışdı. "Maşın" şounun növbəti buraxılışına biz gərək vaxt ayıraq. Qoy həm tamaşaçı, həm də biz darıxaq. Bu dəfə yaz aylarında keçirilməsi olan şounu payıza salacağıq. İştirakçılar qismində maraqlı bir heyət yığmaq istəyirəm. Ona görə ki, 18-ci sürət gəlir, yarışmaçıların sayı da 18-dir" sözlərini demişdi.
Maşının 18-ci sürəti ilə bağlı Murad Dadaşov «Şərq»ə danışıb. Tanınmış şoumen 18-ci sürətin digərlərindən nə ilə fərqlənəcəyini və bu dəfə maşın ətrafında kimlərin yer alacağına dair ipucu verdi:
«Bəli, "Maşın"ın növbəti sürəti barədə düşünürük. Payız aylarında maşına start vermək niyyətimiz var. 18-ci sürət olduğu üçün ilk əvvəl onu deyim ki, iştirakçıların sayı 18 olmalıdır. Bu dəfə də "Maşın" ətrafında yaxşıların ən yaxşıları yer alacaq. "Maşın" hər buraxılışı ilə yadda qalıb. Hər "Maşın" biri-birindən maraqlı olub.
Qaldı soruşursuz ki, əsasən hansı kriteriyalar əsasında "Maşın"a tanınmışlar dəvət edilir, bizim özümüz üçün müəyyən etdiyimiz kriteriyalar var. Vacib olan tərəflərdən biri odur ki, o insan sosial mediada tanınsın, sima olaraq bilinsin. Yəni orda iştirakçının şəxsi keyfiyyətlərindən başqa eyni zamanda digər iştirakçılarla ünsiyyətdə maraqlı, maşın ətrafında digərlərindən kölgədə qalmaması önəmlidir.
Ayrılan az vaxtdan səmərəli istifadə etsin. Tamaşaçılara maraqlı taktiki addımlar göstərsin, strategiya sərgiləsin. Bir sözlə, maraqlı oyun nümayiş etdirsin.

O qədər olub ki, "Maşın"a qonaq dəvət etmişik, amma qeyd etdiklərimi maşın ətrafında olarkən o məşhurda tapa bilməmişəm. O qədər zəif oyunçu olub ki, təəssüf etmişəm. Əksinə hallar da olub. Deyək ki, dəvət etmişik, amma müəyyən tərəddüdlər olub. "Maşın"da insan elə oyun göstərib ki, çox yadda qalıb. Onlar maraqlı insanlar kimi mənim üçün də yadda qaldılar.
Deyək ki, Üzeyir Mehdizadə mənim üçün maraqlı və çox böyük tərbiyəyə sahib insan olaraq yaddaşımda iz qoya bildi. Onun haqqında müxtəlif fikirlər ola bilər.  Mənim üçün o insan özlüyündə maraqlıdır. Ora dəvət etdiyim qonaqların hər biri sanki mənim evimin qonağıdır.  Ev sahibi çalışır ki, dəvət etdiyi qonağa qarşı hörmətli qalsın. Mən ev sahibi olaraq bunu nəzərə alıram, çalışıram ki, şou boyu onların adlarına, statuslarına xələl gəlməsin. Misal üçün, Üzeyir haqqında onu deyə bilərəm ki, ola bilsin, cəmiyyətdə onun barədə müxtəlif rəylər var. Sənəti var, yox, bu başqa bir mövzudur. Mənim üçün vacib bir məqam var - Üzeyir çox tərbiyəli bir insandı. Mən onu belə tanıdım. Deyim ki, gözləmirdim, yox. Bilirdim, tam şahidi oldum. Gənc, istedadlı bir çoxları bəzən tanınmış olduqları üçün özlərini fərqli apara bilirlər. Bunun çox şahidi olmuşam. Amma Üzeyir bu qədər tanınmağına baxmayaraq sadə bir xarakterə sahibdir. 
Mən Üzeyirdə ulduzluq görmədim. Halbuki, o, bu gün gənc yaşında təkcə Azərbaycanda deyil, bir çox ölkələrdə -Rusiyada, Özbəkistanda, Orta Asiyada, Türkiyə və İranda məşhurdur.
Gəlin etiraf edək ki, bu gün onu tanıyanların sayı milyonlardı. Onun musiqisini kimsə sevə sevməyə bilər. Bu, zövq məsələsidir. Maşın ətrafında olan iştirakçının sima olaraq tanınmış olması vacibdir.  Misal üçün, Xatun o qədər böyük yumor hissinə malik insandır ki. Mən onu belə tanımırdım, yaddaşımda  maraqlı insan kimi qaldı. Elcan maraqlı iştirakçı olaraq yaddaşımda iz qoydu. O qədər dərin oyun apardı ki, sən demə, oranın «Boz kardinalı» imiş. Bir var tamaşaçıları təəccübləndirə biləsən, bir də var mənim özümü, komandanı təəccübləndirməyə gücün çatsın.
O bunu bacardı. Bir sözlə, maraqlı iştirakçıları budəfəki sürətə nəzərdə tutmuşuq. 18-ci sürət cüt rəqəmdi deyə iştirakçılar 18 nəfərdən ibarət olacaq. Böyük həyəcanla payız aylarına "Maşın" şounu gözləməyə dəyər.Çünki xeyli vaxtdı efirdə yoxdu. Xanımlarla kişilər arasında olan maraqlı taktikaya gəldikdə isə xanımlar ilk günlər daha  maraqlı olurlar. Sadəcə onlar o qədər ehtiraslı oynamağa başlayırlar ki, şounun sonuna yaxın biri-birinə qarşı o qədər mübariz olurlar ki, sonda finalı kişilərə buraxırlar. Şounun sonunda qadın iştirakçılar öz hisslərini cilovlaya bilmir, maşın kişilərə qalır.
Ona görə 18-ci buraxılışa dəvət olunacaq xanımlara məsləhətim odur ki, şou zamanı sona qədər kartlarını açıq sərgiləməsinlər. Bir az gizli tərəflər saxlasınlar, sirli qalsınlar ki, qazana bilsinlər».