Azərbaycanda qarayara epidemiyası geniş yayıla bilərmi ? – Açıqlama 


Şahvələd Məmmədov: “Ölkəmizdə qarayaranın epidemiyası yox dərəcəsindədir. Azərbaycanda bu xəstəliyə yoluxma barəsində 1-2 xəbər yayılıb. Bu da şübhəlidir. Çünki bizim gömrük sistemində ciddi nəzarət var. Gürcüstan eləcə də Rusiyadan ölmüş mal-qara ət məhsullarının keçirilməməsinə nəzarət güclüdür”


Ötənlərdə Sabirabad rayonunda 2 nəfər qarayara xəstəliyinə yoluxub. Həmin şəxslərdən birinin həyatını xilas etmək mümkün olmayıb.
1 saylı saylı Kliniki Tibbi Mərkəzin Yoluxucu xəstəliklər şöbəsinin müdiri Gülnarə Babayeva bildirib ki, digər xəstənin vəziyyəti stabildir.

Onun sözlərinə görə, 58 yaşlı xəstənin həyatı üçün hazırda heç bir təhlükə yoxdur.

Qeyd edək ki, Azərbaycanda bu xəstəliyə 2014-cü ildə 10, 2015-ci ildə 9, 2016-cı ildə 10, 2017-ci ildə 6, 2018-ci ildə 9, 2019-cu ildə 7 nəfərin yoluxması qeydə alınıb. Ötən illərdən fərqli olaraq bu il ilk dəfə qarayara xəstəliyindən ölüm halı qeydə alınıb.

Xəstəliyin göstəriciləri ilə bağlı “Sherg.az”a danışan həkim-allerqoloq Şahvələd Məmmədov bildirdi ki, qarayara xəstəliyinə əvvəllər Sibir yarası da deyirdilər:

“Bu xəstəlik bilavasitə heyvanlardan insanlara yoluxur. Hələ qədim zamanlardan qarayara epidemiyaları çox olub. Şimal ölkələrində, Sibirin özündə xəstəlik epidemiya halını alırdı.



Qarayara kəskin yoluxucu mikrob olduğuna görə ondan qorunmaq vacibdir. Keçən il Gürcüstanda bu xəstəlik çox yayılmışdı. Ona görə də Gürcüstanda kəsilmiş heyvan ətlərinin ölkəmizə keçirilməsinin qarşısı alındı. Bununla da Gürcüstandan ölkəmizə mal-qara ətinin gətirilməsi qadağan olundu”.

Həkim qeyd edib ki, qarayaranın ən çox yayılmış variantı dəri formasında olur:

“Bu xəstəlik dəri formasında daha çox boyunda yayılır. Xəstəlik boyunun aşağı və yuxarı hissələrinə yayılaraq limfa düyünlərinə keçir və yara əmələ gəlir. Qara rəngdə yara əməl gəldiyi üçün də məhz xəstəliyin adı qarayara adlanır”. 

Həkimin sözlərinə görə, ölkəmizdə qarayaranın epidemiyası yox dərəcəsindədir:

“Azərbaycanda bu xəstəliyə yoluxma barəsində 1-2 xəbər yayılıb. Bu da şübhəlidir. Çünki bizim gömrük sistemində ciddi nəzarət var. Gürcüstan eləcə də Rusiyadan ölmüş mal-qara ət məhsullarının keçirilməməsinə nəzarət güclüdür”.

Ş.Məmmədov xəstəliyin olduqca ağır keçdiyini bildirdi:

“Qarayaraya yoluxan şəxslərdə temperatur 39-40 dərəcəyə kimi yüksəlir. Orqanizmdə əlavə ağırlaşmalar, qaraciyər və ürəkdə arzuolunmaz hallar baş verir. Ümumiyyətlə isə qarayara xəstəliyinin dəri forması ilə bağlı proqnozlar müsbətdir. Yəni, tez bir zamanda müalicəyə başlanılsa, bu xəstəlikdən ölüm halı olmamalıdır”.