Azərbaycanlı mütəxəssislər də TƏSDİQLƏDİ: “Telefonlar böyüyən orqanizmə təsirsiz ötüşmür”

Adil Qeybulla: “Biz telefonla danışanda radioqəbuledici şüaları qəbul edir və ötürür. Qulağın dibində böyük maqnit sahəsi yaranır və beynin fəaliyyətinə mənfi təsir edir. Həmçinin smartfonlardan uşaqlar və hamilə qadınlar da istifadə edir ki, bu da onların orqanizminə təsirsiz ötüşmür”


Ələsgər Məmmədli: “Belə olan halda insanlar oturaq həyat tərzi sürdükləri üçün təbii ki, orqanizmdə metabolizm düzgün işləmir. Nəticə etibari ilə orqanizmdə piylənmə əmələ gəlir”



Aparılan tədqiqatlara əsasən, smartfon telefonlardan gün ərzində bir saatdan çox istifadə edən şəxslərdə piylənmə riski daha yüksəkdir. Venesueladakı Simon Bolivar Universiteti alimləri bildiriblər ki, telefonun tez-tez istifadəsi oturaq həyat tərzindən xəbər verir. 

Telefonla 5 saat və ya daha çox vaxt keçirən tələbələrin 43%-i telefonla daha az vaxt keçirən həmyaşıdları ilə müqayisədə daha çox çəki problemi ilə üzləşirlər. Bir insan hər gün bir saatdan çox smartfona vaxt sərf edirsə, piylənmə riski altındadır. Artıq çəkili insanların təxminən 25% -i, tamamilə piylənmədən əziyyət çəkənlərin isə demək olar ki, 5% -i telefonla 5 saatdan çox vaxt keçirənlərdir. 

Telefonda asılılığı olan insanlar şəkərli, qazlı içkiləri iki dəfə çox içir, "fast food", şirniyyat yeməyə daha çox meylli olurlar. Alimlər bildiriblər ki, telefondan çox istifadə yalnız çəki problemi yaratmır, şəkərli diabet, ürək xəstəliyi, xərçəng, əzələ-skelet sistemi problemləri və hətta vaxtından əvvəl ölümlə nəticələnir. Telefonların gecə saatlarında istifadəsi isə maddələr mübadiləsini, yuxunu pozur, özünü idarəetmə funksiyalarını zəiflədir.

Mövzu ilə bağlı fikirlərini “Sherg.az”la bölüşən tibb elmləri doktoru, professor Adil Qeybulla bildirdi ki, bütün smartfonlar müəyyən standartlarla, yəni, radioşüalanma ilə işləyirlər:

“Radioşüalanmalar ilk dəfə Azərbaycana daxil olanda 900, daha sonra 1800 sürət müəyyən edilmişdi. İndiki məlumata görə isə mobil telefonlar 3600 sürətlə işləyirlər. Əlbəttə, bütün bunlar insan orqanizmi üçün ziyanlıdır. Biz telefonla danışanda radioqəbuledici şüaları qəbul edir və ötürür. Qulağın dibində böyük maqnit sahəsi yaranır və beynin fəaliyyətinə mənfi təsir edir. Həmçinin smartfonlardan uşaqlar və hamilə qadınlar da istifadə edir ki, bu da onların orqanizminə təsirsiz ötüşmür.

Mobil telefonların tətbiqi dövrü 20-30 ilə təsadüf edir. Bu dövr ərzində birmənalı rəy yoxdur. Bütün rəylər haçalanır. Ona görə də bir müddətdən sonra smartfonların insan orqanizminə təsiri ilə bağlı dəlillər olsa, müəyyən qərar qəbul ediləcək. Ümumdünya Səhiyyə Təşkilatının özü konkret nəticələr olandan sonra müvafiq işlər görəcək. Lakin bu gün insan həyatını mobil telefonsuz təsəvvür etmək mümkün deyil. Digər tərəfdən isə mobil telefonlar insan həyatı üçün təhlükəli olduğu təqdirdə yəqin ki, bu rabitəni əvəz etmək kimi çıxış yolu tapılmalıdır. Çünki telefonlar xüsusilə böyüyən orqanizmə təsirsiz ötüşmür”. 

Media hüququ üzrə mütəxəssis Ələsgər Məmmədlinin sözlərinə görə, reallıq bundan ibarətdir ki, ölkəmizdə telefonlardan, xüsusilə də smartfonlardan istifadə hədsiz çoxdur:

“Belə olan halda insanlar oturaq həyat tərzi sürdükləri üçün təbii ki, orqanizmdə metabolizm düzgün işləmir. Nəticə etibari ilə orqanizmdə piylənmə əmələ gəlir. Bu səbəbdən aparılan tədqiqatların həqiqətəuyğun olduğunu düşünürəm”.