Azərbaycanlılar niyə Gürcüstana axışır ? - SƏBƏB AÇIQLANDI


Bu ölkədə həm də Türkiyədən fərqli olaraq insanlara “istirahət tələsi” qurulmur


Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı artıb.

Gürcüstan Milli Turizm Agentliyinin rəhbəri Mariam Kvrivişvili bildirib ki, iyul ayı ərzində Gürcüstanı 1 099 474 nəfər əcnəbi turist ziyarət edib.
Onun sözlərinə görə, bu isə 2018-ci ilin analoji dövrü ilə müqayisədə 5.8 faiz çoxdur. İyul ayında Gürcüstana səfər edən Azərbaycan vətəndaşlarının sayında  13.1 faiz artım müşahidə edildiyi halda, Rusiyadan Gürcüstana gələn turistlərin sayında isə 6.4 faiz azalma müşahidə olunub.

Məsələni şərh edən iqtisadçı Fuad İbrahimov “Şərq”ə açıqlamasında bildirdi ki, rus turistlərin sayındakı azalmanın səbəbi bəllidir

- Məlumdur ki, Rusiya ilə Gürcüstan arasında siyasi gərginlik hökm sürür. “Rustavi” telekanalının müxbiri Rusiya Prezidenti Vladimir Putini təhqir edəndən sonra Putin dedi ki, mən ona adekvat cavab verməyəcəm. Amma bu söz bəs etdi ki, ruslar Gürcüstana getməkdən imtina etsinlər. Bilirsiz, mən sovet dövründə dünyaya gəlmişəm, sovet təhsili almışam və rus tarixinə, rus ədəbiyyatına, özümə görə bələdəm. Bunu deyə bilərəm ki, ruslar həmişə - bütün dövrlərdə əziyyətli həyat sürüblər. Rusiya vətəndaşları Qərb dünyası ilə müqayisədə həmişə ağır vəziyyətdə yaşayıblar. Buna baxmayaraq ruslarda dövlət təəssübkeşliyi, milli təəssübkeşlik çox güclüdür. Ona görə də məsələn, Gürcüstanla münasibətlər pisləşirsə, ruslar o ölkəyə getməkdən imtina edir. Azərbaycandan Gürcüstana səyahət edənlərin sayının artmasına gəlincə, burada həm ənənəvi, həm də larinin ucuzlaşması amili var. Gürcüstana səfər edən turist kontingentinə əsasən deyə bilərik ki, bu, artıq ənənə halını alıb. Azərbaycanlılar Gürcüstana əsasən istirahətə gedir. Bilirsiz, burda xarici ölkədə istirahətin prestij sayılması amili də özünü göstərir və bu xarici ölkənin 500 kilometr aralıqda, yaxud başqa qitədə, okeanın o tayında olmasının da fərqi yoxdu. Ad olsun ki, filan yerə getmişik, ölkədən kənara çıxmışıq. Mən gürcü larisinin ucuzlaşması amilinin də istirahətə gedənlərin sayının artmasına təsirini istisna etmirəm. Səfər edənlərin sayının artmasına larinin ucuzlaşması da təsir edib. 

İqtisadçı qeyd etdi ki, Gürcüstana turist axınının çoxluğu həm də bu ölkədə turizm xidmətlərinin ucuz və keyfiyyətli olması ilə bağlıdır:

-Gürcüstanda istirahət imkanları genişdir. Larinin ucuzlaşması xidmət haqqının artmasına təsir etməyib. Yəni turizm agentlikləri bu amildən süni şəkildə yararlanmaq istəmirlər. Gürcüstanda, Türkiyədən fərqli olaraq insanlara “istirahət tələsi” qurulmur. Qaldı ki, harasa istirahətə getməyi planlaşdıran şəxs əvvəlcədən tur-paket şərtlərilə tanış olmalıdır. Bizim əhalidə belə yanlış təsəvvür var ki, bileti aldım, bitdi. Elə deyil. Səfər edən adam tur-paketə nələrin daxil olduğunu bəri başdan öyrənməlidir. Otel neçə nəfərlikdir, nəqliyyat xərcləri qarşılanacaqmı, gündə neçə dəfə yemək veriləcək, internet, “FV” xərcləri tur-paketə daxildirmi? Düzdü, tur-paketlər aldadıcı da ola bilir. Amma əgər turist tur-paket alıbsa və orada da şərtlər qeyd edilibsə, bütün qeyd olunan xidmətlərin göstərilməsini turizm agentliyindən tələb etməlidir. Turist də hüquqlarını bilməlidir.