Paşinyan Ermənistanda sirr qoymadı

 O, ölkənin nə qədər acınacaqlı durumda olduğunu xalqa anlatdı

Baş nazir ona görə açıq danışır ki, vətəndaşlar ondan yaxın zamanda problemlərin həllini gözləməsinlər


Ermənistan baş naziri Nikol Paşinyan feysbukda canlı yayıma çıxaraq eks-prezident Serj Sarkisyan dönəminə aid olan məxfi sənəd haqqında danışıb. Paşinyan sənədlə bir neçə ay əvvəl tanış olduğunu, amma məzuniyyəti zamanı onu detallı şəkildə yenidən oxuduğunu bildirib. Paşinyan sənəddəki məxfiliyin nə olduğunu açıqlamasa da, ipucu verməkdən çəkinməyib: “Sənədin vacibliyi ondadır ki, o, bizə ölkədəki real vəziyyət haqqında tam məlumat verir. Bütün toplanmış problemləri bir il ərzində həll etmək mümkün deyil. Sənəddə Ermənistanın institusional iflic vəziyyətində olduğu bildirilib”. Məxfi sənədlə bağlı deyilənlər göstərir ki, mahiyyət düşmən ölkə üçün heç də ürəkaçan deyil. Paşinyan özü də onu heyrətə düşürən sənədlərdəki problemləri həll etmək iqtidarında olmadığını etiraf edir. Belə çıxır ki, Ermənistanın siyasi-iqtisadi vəziyyəti dünən də yaxşı olmayıb, bu gün də bərbad gündədir. Bəzi ekspertlərin fikrincə, Paşinyan keçmiş hökumətin neqativlərini üzə çıxarmaqla həm reytinqini qaldırmaq, həm də vəzifəsinin nə qədər mürəkkəb olduğunu vurğulamaq niyyəti güdür.   



Baş nazirin açıqladığı məxfi sənədlə bağlı “Şərq”ə danışan “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib ki, Nikol Paşinyan Ermənistanda heç bir sirr qoymadı. Siyasi şərhçi xatırladıb ki, Sarkisyanın hakimiyyəti dövründə 2016-cı ilin aprel savaşı haqqında danışmırdılar, bu mövzuya qeyri-rəsmi qadağa var idi.

Nikol Paşinyan Ermənistanda inqilab yoluyla hakimiyyətə gələr-gəlməz ordudakı korrupsiyadan danışmağa başladı: “Paşinyan bunun ardınca parlamentdə aprel savaşını tədqiq etmək məqsədilə komissiyanın yaradılmasını təklif etdi. Əslində Paşinyan bu təklifi ilə aprelin Ermənistan üçün ağır nəticələrinə işarə edirdi. Daha sonra baş nazirə yaxın deputatlardan biri aprel savaşında Ermənistanın itkilərinin 500-ü aşdığını vurğuladı. Halbuki itkilər mövzusu da Ermənistanda tabu idi.

Bu dəfə Paşinyan növbəti sirrin üstünü açdı. Sən demə, 2014-cü ildə Ermənistan hakimiyyəti üçün hazırlanan gizli hesabatda ölkədəki dövlət strukturlarının faciəvi durumda olduğu bildirilib.

Əgər Sarkisyan bu hesabatı gizli saxlayırdısa, Nikol Paşinyan gizliliyə ehtiyac duymayıb. Ölkənin ağır durumda olduğunu vurğulayan erməni baş nazir insanların problemlərini həll edəcək strukturlara sahib olmadığını da etiraf edib. Paşinyanın fikirlərini tamamlayan bir başqa acı etirafı isə daha çox diqqəti çəkir:

“Hakimiyyətə gələndə elə bilirdim ki, heç olmasa, işləyə bilən qurumlarımız var. Ancaq işin gedişatında anladım ki, yanılmışam, vəziyyət acınacaqlıdır. Biz dövlət institutlarını sıfırdan yaratmağa başlamalıyıq”. 

E.Şahinoğlunun qənaətincə, Paşinyan keçmiş hakimiyyətin yarıtmaz fəaliyyətindən irəli gələrək vəziyyətin acınacaqlı olduğunu ona görə cəmiyyətə anladır ki, vətəndaşlar ondan yaxın zamanda problemlərin həllini gözləməsinlər:

“Paşinyan onu da izah etməyə çalışır ki, əlindəki resurslar islahatları sürətləndirməyə və müsbət nəticə əldə etməyə imkan vermir. Onun etirafları bizim üçün müəyyən ipucları verir. Ermənistanın dövlət strukturlarının acınacaqlı durumuna baxmayaraq, ermənilərin öz düşüncələrində yeganə uğurları Azərbaycan torpaqlarını işğal altında saxlamalarıdır.

Ancaq bu da onlara baha başa gəlir, işğal həm böyük maliyyə, həm də insan itkisi tələb edir. Elə Paşinyanın dili ilə desək, Ermənistan dövlətinin uğursuzluğa düçar olmasının başlıca səbəbi işğalla əlaqəlidir. İndi bizdən tələb olunan odur ki, bunu Paşinyana daha geniş şəkildə anladaq. Bu izahın siyasi, iqtisadi və hərbi yolları var”.