Qazıntılar Damcılının yaşını daha iki yüz min il artırdı 


Qazax rayonunda çox maraqlı bir muzeyin açılması gündəmdədir


 Qazaxda yerləşən “Avey” Dövlət-Tarix Mədəniyyət Qoruğunun ərazisində aparılan arxeoloji qazıntılar zamanı buranın yaşının nə az, nə çox, düz iki yüz min il olduğu məlum olub. Yerli və yaponiyalı mütəxəssislərin birlikdə apardığı araşdırmalar zamanı Damcılı mağarasından zəngin mədəniyyət nümunələri aşkar edilib.

Yapon arxeoloq Yoşihiro Nişiaki Sputnik Azərbaycan-ın bölgə müxbirinə müsahibəsində Damcılı mağarasında 2016-cı ildən arxeoloji qazıntılara başladıqlarını və çox uğurlu nəticələr əldə etdiklərini bildirib.

“Uğurumuz ondan ibarətdir ki, bu il 8500 il əvvələ aid mezolit təbəqəsi aşkar etmişik. Bu da bizə mezolit dövründən neolitə keçidi araşdırmaq üçün çox yaxşı imkanlar açır. Burada ovçu tayfaların əkinçiliyə keçməsinin izlərini qazıntılar nəticəsində görə bilirik”, - deyən yapon mütəxəssis əsas nəticələri gələn il açıqlaya biləcəklərini söyləyib.

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun eneolit və tunc dövrü mütəxəssisi Əjdər Babazadə isə Damcılı mağarasında tapılan əhliləşdirilmiş və əhliləşdirilməmiş heyvan sümüklərinin aşkar edilməsinin burada bir neçə mərhələni eyni vaxtda izləməyə imkan yaratdığını deyib.



“Mezolitdən neolitə, eyni zamanda istehsal təsərrüfatına keçidi buradan izləmək mümkündür. Burada ilk heyvanların əhliləşdirilməsi, evlərin qurulması prosesinin kökləri görünür”, - deyə Ə.Babazadə bildirib.

Mütəxəssislərin sözlərinə görə, hələ indiyədək Qazax rayonunda beynəlxalq ekspedisiya belə ardıcıl elmi işlər aparmayıb. Ekspedisiya hazırda mezolit dövrünə aid daşdan bəzək əşyası, ox ucluqları, vəhşi heyvan sümükləri aşkarlayıb ki, bunlar da çox qeyri-adi, tapılmayan maddi mədəniyyət nümunələri hesab edilir. Planlaşdırılır ki, gələn ilin yay aylarında son qazıntı işlərinin yekununda bu ərazidə elmi-praktiki konfrans təşkil edilsin.

Bu haqda danışan "Avey" Dövlət Tarix Mədəniyyət Qoruğunun direktoru Səadət Əliyeva gələcəkdə Damcılı mağaralarının yaxınlığında muzey təşkil etmək niyyətində olduqlarını bildirib.



“Buradan tapılan nümunələr Yaponiyaya aparılır və laboratoriyalarda mütləq yaşı müəyyən olunduqdan sonra ölkəmizə qaytarılır. Bizim layihəmizdə var ki, gələcəkdə bu maddi mədəniyyət nümunələrindən muzey təşkil edib sərgiləyək”.

Qeyd edək ki,  Qazax rayonunun Daşsalahlı kəndi yaxınlığında yerləşən Avey Dövlət Qoruğunun ərazisi müxtəlif tarixi dövrlərə təsadüf edən maddi-mədəniyyət, arxeologiya və memarlıq abidələri ilə zəngindir. Burada 56 tarixi abidə var ki, onların arasında 8 məbəd, 2 qədim yaşayış yeri, iki orta əsrlərə aid qəbiristanlıq, müdafiə divarları və bürcləri olan 2 qala qalığı, 30-a qədər isə mağara yer alır.