“İranı zəiflədən ABŞ Yaxın Şərqə nəzarəti ələ keçirəcək”

“ABŞ üçün İran Rusiya ilə münaqişədə sadəcə piyondur, amma ciddi və güclü piyondur”.

Bunu “Sherg.az”a açıqlamasında beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli deyib

Siyasi şərhçi bildirib ki, Moskvaya gedən yol Tehrandan keçdiyi üçün Amerika tam gücü ilə Tehrana təzyiq edir, Koreya ilə dil tapmağa çalışır: 



“Çünki dünya liderliyi üçün Çin səddini və Qırmızı Meydanı tutmaq lazımdır.
Amma bu, indiki halda mümkün deyil. Dünya siysətinin nəbzinin vurduğu Yaxın Şərqdə ABŞ İran kimi dövlətlə üz-üzə qalır. Vaşinqtonun niyyəti budur  ki, İran zəif və nəzarətdə olsun.

Sanksiyaların başqa məqsədi yoxdur. İranı güclü edən isə müttəfiqi Rusiyadır. İranı zəiflədən ABŞ Yaxın Şərqə nəzarəti ələ keçirəcək. Həm də dünya enerji resurslarının vahid sahibi olacaq.

Rusiyanı diz çökdürməklə isə Çin əjdahasına qarşı bir cəbhə qura biləcək. Amma bu gedişlə nə İran təslim olar, nə də ABŞ dünyaya sahib ola bilər. Hazırda proseslər çoxqütblü istiqamətə gedir, əksinə yox”.

Qeyd edək ki, ABŞ İrana qarşı sanksiyaları sərtləşdirib. Vaşinqton sanksiyalar siyahısına İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin də adını əlavə edib. Sanksiyalarla bağlı danışan İran prezidenti Həsən Ruhani deyib ki, əgər Vaşinqton Tehranla danışıqlar aparmaq istəyirsə, o zaman İrana qarşı bütün sanksiyaları ortadan götürməlidir: “İranla sülh bütün sülhlərin, İranla müharibə bütün müharibələrin anasıdır”.