“Subbakalavrların sayı müsabiqəyə buraxılan abituriyent sayından çoxdur”

Ali məktəblərə ixtisas seçimlərinin təsdiqi başa çatdı. Bundan sonrakı mərhələdə isə keçid balını toplayan bilməyən abituriyentlərin kolleclərə sənəd qəbulu nəzərdə tutulur.

Bəs, ali məktəbə qəbul ola bilməyən abituriyentlərin sayı nə qədərdi?

Sualımızı cavablandıran tarix elmi üzrə fəlsəfə doktoru, təhsil eksperti Kamran Əsədov “Sherg.az”a bildirib ki, bu il abituriyentlərlə yanaşı subbakalavrlar da müsabiqədə iştirak etdikləri üçün bəzi ixtisas qruplarında mövcud təsdiq sayı müsabiqəyə buraxılan abituriyent sayından çoxdur:

“Bu isə məhz subbakalavrların həmin ixtisas qrupunda daha çox olması deməkdir. Bu il ümumilikdə 46814 abituriyent 150 və daha yuxarı bal toplayaraq ixtisas seçimi etmək hüququ əldə edib. 

Ötən il ali təhsil müəssisələrinin müsabiqəsində 44772 abituriyent iştirak etmişdi və onlardan 39906 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub. Həmin abituriyentlərdən 11963 nəfər dövlət sifarişi əsasında, 27943 nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə etmişdi. 

Bu il isə müvafiq olaraq müsabiqədə 47847 plan yeri uğrunda 58294 nəfər abituriyent mübarizə aparır.  

Ali məktəbə qəbul ola bilməyən abituriyentlər və subbakalavrlar avqust ayının 15-dən 20-dək ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin, eləcə də 11 illikdən kolleclərin ixtisas seçimlərində iştirak edə bilərlər. 

Bu zaman onlar ixtisas qruplarına müvafiq olaraq ali təhsil müəssisələrinin boş qalan plan yerləri ilə yanaşı, 11 illikdən kolleclərin də ixtisaslarını yazmaqla 20 ixtisas seçə bilərlər”.

Ekspert bildirib ki, boş qalan yerlər haqqında informasiya ali təhsil müəssisələrinə ilkin yerləşdirmə başa çatandan sonra həyata keçirilir:

“Qaçqın və ya məcburi köçkünlərin ödənişdən azad olunmaları üçün tələbənin və valideyninin qaçqın və məcburi köçkünlük haqqında sənədinin qeydiyyat vaxtı təqdim olunması mütləqdir. 

Həmçin qanunda nəzərdə tutulan digər ödənişdən azad olunanlar da ödənişdən azad olunmalarını təmin edən sənədin əslini təqdim etməlidirlər”.