Bakının dərdi var... - Fotolar+ VİDEO

“Yeni salınan yolların bir yağışlıq canı yoxdur”

Zemfira Budaqova: “Yol kəsişmələrində dəmir barmaqlıqlar qoyulurdu və şəhərdəki sular yığılaraq altdakı kanallar vasitəsilə dənizə gedirdi. Müəyyən müddət keçdikdən sonra paytaxtdakı kanalizasiyaları bağlandı və yeni kanalizasiya yolu açılmadı”
“Şəhərdəki xoşagəlməz görüntünü yox etmək üçün çıxış yolu odur ki, gərək dənizə açılan kanallar bərpa olunsun. Bu zaman problem həllini tapar. Amma həmin kanalları yenidən kim çəkəcək? Təbii ki, heç kim. Çünki dənizə açılan kanallar yerin altındadır. Çoxusunu da bağlayıb, çayxanalar, kafeler tikiblər”




Son günlər Bakıda və regionlarımızda yağışlı hava höküm sürür. Xüsusilə paytaxt yollarında xoşagəlməz görüntülər var. Çala-çuxurlu, yamaqlı yollarla hərəkət etmək demək olar ki, mümkün deyil.

Mütəmadi olaraq yeni yollar salınır, köhnələri təmir olunur.Bir sözlə, yol infrastrukturuna milyardlarla vəsait xərclənir. Yol salınarkən infrastuktur qaydalarına əməl edilmir, kanalizasiya xəttləri düzgün quraşdırılmır. Bu gün salınan yolların bir yağışlıq da canı yoxdur. Çünki yağış yağan kimi asfalt dağılıb-tökülür, çala-çuxur əlindən tərpənmək olmur. Çox keçmir ki, yollarda çatlar, gölməçələr əmələ gəlir. Yolların əksəriyyətində kanalizasiya sistemindən söhbət belə gedə bilməz. 

Bəs, bu problemin həlli üçün nə kimi tədbirlər görülməlidir?



Sualımızı cavablandıran Müstəqil Memarlar Assosiasiyasının rəhbəri Zemfira Budaqova “Sherg.az”a söylədi ki, şəhərsalmanın özünəməxsus qaydaları var:
“Köhnə şəhərimizi, yəni Bakını bir az da yeniləyib, böyüdüblər. Əvvəllər paytaxtdakı qədimi binalarda,  yol ayrıclarının qabağında xüsusi dəmir barmaqlıqlar olurdu. Şəhərdəki bütün sular həmin barmaqlıqlara tökülürdü. Beləliklə şəhərin suları yığılıb dənizə axırdı. Bu da reylefdən asılıdır. Elə yerlər var ki, çökəkdir və yuxarı-aşağıdan gəlib yığılan su tərəfdə dəmir barmaqlıqlar olmalıdır. Hətta çökək olmayan, su yığılmayan yerlərdə də belə dəmirlərin olması vacibdir.Yol kəsişmələrində dəmir barmaqlıqlar qoyulurdu və şəhərdəki sular yığılaraq altdakı kanallar vasitəsilə dənizə gedirdi”.

Z.Budaqova bildirdi ki, müəyyən müddət keçdikdən sonra paytaxtdakı kanalizasiyaları bağlandı və yeni kanalizasiya yolu açılmadı:

“Bununla da bütün çirki sular və qırıntılar Xəzər dənizinə tökülür. Ona  görə də dənizimiz zibil günündədir. Nə qədər təmizləsələr də kanalizasiya suyunu təmizləyib bitirə bilmirlər. Şəhər günü-gündən böyüyüb və su axan kanallar yoxdur. Şəhərdəki xoşagəlməz görüntünü yox etmək üçün çıxış yolu odur ki, gərək dənizə açılan kanallar bərpa olunsun. Bu zaman problem həllini tapar. Amma həmin kanalları yenidən kim çəkəcək? Təbii ki, heç kim. Çünki dənizə açılan kanallar yerin altındadır.
Çoxusunu da bağlayıblar və çayxanalar, kafeler tikiblər. Beləliklə həmin yerlərin hamısı istifadə olunur. O yerlərin hamısı arkalarla qoyulmuş yollar və sular idi. İndi isə həmin kanalları bərpa etmək qeyri-mümkündür. Yenisini də düzəltmək istəmirlər. Ona görə də şəhərimiz bərbad gündədir”.