Deputat: “Əsas odur ki, beynəlxalq şərait müharibəyə imkan versin” 


Ermənistanın baş naziri Nikol Paşinyanın sonuncu sərsəm bəyənatı sözün həqiqi mənasında cəmiyyətimizdə qıcıq doğurub. Düşmən tərəfin cəbhə bölgəsində təxribatlar törətməsi, provakativ fikirlər səsləndirməsi müharibənin başlamalı olduğunu bir daha gündəmə gətirir.

Xüsusilə, sonuncu dəfə N.Paşinyanın Xankəndində söylədiyi “Qarabağ Ermənistandır” fikri olduqca qıcıqlandırıcı idi. Məhz ona görə də bəziləri bunu zəmin hesab edib, müharibənin başlanılmalı olduğunu iddia etdi, bəziləri isə məlum çıxışı təxribat adlandırıb, səbirli , dözümlü yanaşmalı olduğumuzu bildirdi. Maraqlıdır, görəsən erməni baş nazirin bu çıxışı nəyə hesablanıb və Azərbaycan tərəfi hansı addımları atmalıdır? 

Millət vəkili, politoloq Rasim Musabəyov “Sherg.az”a bildirib ki, müharibənin başlaması üçün əlverişli şərait varsa, hər cür bəhanə tapıb hərəkətə keçmək olar:

“Torpaqlarımız işğal altındadır, işğal olunmuş ərazilərimizin azad olunmasına dair BMT Təhlükəsizlik Şurasının qətnamələri var. Ermənilər isə torpaqlarımızdan çıxmır. Nə vaxtsa çıxacaqlarını dilə gətirsələr belə buna aldanmalı deyilik. Söhbət yalnız Paşinyanın dedikləri ilə müharibənin başlayıb- başlamacağından getmir. Əsas odur ki, beynəlxalq şərait müharibəyə imkan versin.

Hər kəs bilir ki, İranla bağlı gərgin vəziyyət var. ABŞ, Rusiya, Türkiyə isə deyir ki, indi təhlükələri artırmaq vaxtı deyil. Sabah Paşinyan özü üçün nağıl danışacaq, biz buna görə planlarımızı dəyişməliyik?

Əlbəttə, onun dedikləri durumu daha da çətinləşdirir. Biz onun sərsəm bəyənatlarından istifadə edib diplomatik informasiya təzyiqlərini artırmalıyıq. Müharibənin başlamasına gəlincə, bunu Paşinyanın boş və mənasız sözləri ilə əlaqələndirməli deyilik”.