“Bu il jurnalistika ixtisasına ancaq jurnalist olmaq istəyənlər sənəd verdi” - Maraq artıb 

“Bu ilki qəbul imtahanlarında jurnalistika ixtisasına maraq göstərənlərin sayı əvvəlki illərlə müqayisədə daha çoxdur”.

Bu sözləri “Sherg.az”a açıqlamasında Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.
2014-cu ildə ilk dəfə jurnalistika fakültəsi üçün qabiliyyət imtahanı keçirildiyini deyən ekspert qeyd edib ki, həmin il 125 nəfər imtahandan keçmişdi:
“Daha sonra isə qabiliyyət imtahanlarına maraq artdı və bu il üçün 270 yer ayrılıb. Bu da yüksək göstəricidir. Eyni zamanda müsabiqəyə qatılanların da sayı yüksəlib. Bu il təqribən 486 nəfər jurnalistika ixtisasını seçmişdi. Düzdür, 486 nəfərdən 110-u imtahanlara gəlməmişdi, amma yerdə qalan 376 nəfər də yüksək rəqəmdir. Həmin şəxslər imtahan verdilər və öz qabiliyyətlərini göstərdilər. 376 nəfərdən cəmi 29 nəfəri qeyri-məqbul, digərləri isə məqbul bal toplayıblar. Yəqin ki, balların yüksəkliyinə görə sıralanma aparılacaq. 376 nəfərin olması bir daha onu göstərir ki, jurnalistikada qabiliyyət imtahanı verməyə maraq yüksəkdir, həm də yerlərin sayı artıb”. 
M.Ələsgərli bildirib ki, bu il Bakı Dövlət Universitetində Jurnalistika fakültəsi üzrə ingilisdilli təhsil üçün 25 yer ayrılıb:
“Bu da yaxşı göstəricidir. Eyni zamanda jurnalistika təhsili verən müəssisələrin də sayı təmin olunub. Bunlardan BDU, Naxçıvan Dövlət Universiteti, Slavyan Universiteti, Azərbaycan Dillər Universitetidir. Bu universitetlərdə jurnalistikaya marağı və həvəsi olan şəxslər üçün təminat yaradılıb.
İnşa müsahibələri də çox rahat keçdi. Yaxşı mövzular düşmüşdü. Uşaqlara şərait yaradıldı ki, rahat şəkildə imtahanlarını versinlər. Narazı qalanlar üçün Appelyasiya Komissiyası təşkil olundu. Onlardan 3 nəfər apellyasiyaya müraciət etmişdi. Daha sonra biri ərizəsini geri götürdü, iki nəfərdən birinin isə hüququnu bərpa etdik. Jurnalist olmaq istəyən şəxslər üçün hər cür şərait yaradıldı və kifayət qədər plan yerləri ayrılıb. Həmçinin imtahanlar da çox rahat keçdi. 
Bu il jurnalistika ixtisasına ancaq jurnalist olmaq istəyənlər sənəd verdi. Qabiliyyət imtahanlarının da mahiyyəti məhz budur. 2014-cü ildə qabiliyyət imtahanından keçən uşaqlar keçən ildən başlayaraq məzun oldular və onlar artıq mediyada işə düzələrək yüksək xidmət göstərirlər. Bu da onu sübut edir ki, qabiliyyət imtahanlarının tətbiqi uğurlu addım olub”.