"Üstü bəzək, altı təzək"

100 ildən çox yaşı olan binanın sakinləri narahatdır

Həyət hissədəki eyvanların, artırmaların taxtaları, döşəmələr çürüyüb. Eyvan sütunları da dağılmış vəziyyətdədir

Paytaxtın Yasamal rayonu, Nizami küçəsi 13 saylı yaşayış binasının sakinləri aparılan yenidənqurma işlərindən narazıdır. Redaksiya ilə əlaqə yaradan sakinlər bildirir ki, artıq 3 həftədir binanın fasadında yenidənqurma işləri aparılır. Bu, çox yaxşı haldır. Bəs, binanın daxili problemləri ilə kim məşğul olacaq. Sakinlər binanın həyət hissəsinin fotolarını çəkib “Şərq”ə göndərib. Fotolarda binanın həyət hissəsinin acınacaqlı vəziyyətdə olduğu aşkar görünür. Sakinlər bildirdi ki, bina 1901-ci ildə tikilib. Tarixi əhəmiyyətli binadır. Lakin uzun illər əlaqədar təşkilatların binanın durumuna laqeyd yanaşması səbəbindən baxımsız hala gəlib.

Su boruları çürüyüb və su binanın zirzəmisinə axır, bu da həm özülü yuyub aparır, həm də antisanitariya vəziyyəti yaradır. Həyət hissədəki eyvanların, artırmaların taxtaları, döşəmələr çürüyüb. Eyvan sütunları da dağılmış vəziyyətdədir. Sakinlər binanın durumu ilə bağlı ölkə başçısına, birinci xanım Mehriban Əliyevaya və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova müraciət etdiklərini dedilər. Hazırda binanın fasad hissəsində yenidənqurma işləri aparan Bakı Abadlıq İdarəsidir. Sakinlər deyir ki, BŞİH-nə müraciətdən sonra idarədən gəlib vəziyyətlə maraqlanıblar və həyət hissədə də təmir işləri aparılacağını deyiblər. Lakin hələ də heç bir iş aparılmır.    



Məsələ ilə bağlı “Şərq”ə danışan Bələdiyyələrin Fəaliyyətinin Təbliği İctimai Birliyinin sədri Vüqar Tofiqli binaların fasadında yenidənqurma işləri aparılarkən bir neçə vacib məqama diqqət edilməli olduğunu dedi: 

- Binalar restavrasiya edilərkən, onun ağırlıqgötürmə qabiliyyəti nəzərə alınmalıdır. Binaların fasadına üzlük daşların vurulması binaya əlavə ağırlıq gətirir. Müəyyənləşməlidir ki, bu bina nə qədər ağırlığa hesablanaraq tikilib. Gözəl, yaraşıqlı görünəcək, yenilənəcək deyə, binaların möhkəmliyini təhlükə altında qoymaq olmaz. İkincisi, biz görürük ki, yenidənqurma işləri yalnız binaların fasad hissəsində aparılır. Bildiyim qədər, təmir və yenidənqurma işləri layihələndirilərkən həyət hissənin də yenidən qurulması nəzərdə tutulur. Və bunun üçün Prezidentin Ehtiyat Fondundan Bakı Şəhər İcra Hakimiyyətinə büdcədən vəsait ayrılır. Amma nəticə etibarilə görürük ki, yalnız fasad üzləndi, iç – həyət tərəfdən isə binaların görüntüsü yenə də bərbad qalır. Bu da olur, «üstü bəzək, altı təzək». Başa düşmək olmur ki, binaların həyət hissəsinin təmiri hansı qurumun öhdəsində olan işdir. Yenidənqurma işləri aparılan binaların bir çoxu tarixi əhəmiyyətlidir. Bir çoxu da Mənzil Kommunal Təsərrüfatı İdarələrinin balansındadır. Deməli, dövlət balansındadır. Kooperativ, fərdi yaşayış binaları deyil ki, desinlər, gedin, özünüz təmir elətdirin. Binanın fasad hissəsində hansı qurum təmir və yenidənqurma işləri aparırsa, həyət hissəni də o təmir etməlidir.


Elə üzdən yaxşı görünsün, içəridən necə olur-olsun prinsipi ilə davranmaq düzgün deyil.        
Xatırladaq ki, bir müddət öncə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin yaşayış binalarının durumuna dair açıqlamasında paytaxtda 240-a yaxın binanın zirzəmisinin su ilə dolu olduğu bildirilmişdi. Qeyd edilmişdi ki, həmin ərazilərdə mühəndis-texniki işlərin aparılması vacibdir. Çünki su ilə dolmuş zirzəmilər həmin binaların sakinlərinin sağlıq durumuna mənfi təsir göstərir. Sulu zirzəmilər alt mərtəbələrdə yaşayan sakinlərdə tənəffüs sistemi, o cümlədən ağciyər xəstəliklərinin yaranmasına səbəb olur. Zirzəmilərə suyun yığılma səbəbləri isə kommunikasiya xətlərindəki nasazlıqlar, qrunt suları və digər qarışıq suların toplanmasıdır. 

V.Tofiqli qeyd etdi ki, problem varsa, əlbəttə, həll edilməlidir:

- Ələlxüsus da, bir halda ki, sulu zirzəmilər sakinlərin sağlamlığını təhdid edir. Problemi həll etmək vəzifəsi isə müvafiq icra orqanlarının üzərinə düşür. Hazırda şəhərdəki yaşayış binaları ayrı-ayrı strukturların balansındadır. Elə bina var Bakı Şəhər İcra Hakimiyyətinin balansındadır, eləsi var, özəl şirkətindir, bəziləri Fövqəladə Hallar Nazirliyi, bəzisi Əmlak Komitəsinin balansındadır.

Zirzəmisi su ilə dolmuş bina hansı strukturun balansındadırsa, problemi də o həll etməlidir. Bunun üçün də ilk növbədə «Azərsu»ya müraciət edilməlidir. Çünki ölkədə su ilə bağlı nə məsələ varsa, «Azərsu» ASC məsuliyyət daşıyır. RGEM bildirir ki, suyun zirzəmilərə dolmasının bir səbəbi kommunikasiya xətlərinin nasazlığıdır. Bu halda təbii ki, su xətlərinin təmiri, su borularının yenilənməsi lazımdır. Bu iş də «Azərsu»nun öhdəsinə düşür.

Bununla yanaşı mənzil-istismar sahələri, mənzil kommunal təsərrüfatı birlikləri binalardakı vəziyyəti bilməlidirlər. Sulu zirzəmi problemi ötən əsrin sonlarında, ondan sonra da sovet illərində tikilmiş çoxmərtəbəli yaşayış binalarının əsas problemidir. Binaların zirzəmilərinə həm də qrunt suları yığılır. Çünki ümumilikdə Abşeron yarımadası gil təbəqəsindən ibarətdir. Su gil təbəqəsinin üzərinə çıxır. Bunun yolu da suların müntəzəm olaraq çəkilib əsas kanalizasiya xəttinə yönləndirilməsidir. Su yığıldıqca, nasoslar vasitəsilə çəkilməlidir. Nasaz su xətləri də yenilənməlidir. Daha burada çətin riyazi hesablama yoxdur ki, həll edə bilməsinlər.

V.Tofiqli sakinlərin də bu məsələlərdə aktiv olmasını vacib sayır: 

- Bilirsiz, bizdə vətəndaş cəmiyyəti arzuolunan səviyyədə deyil. Yuxarı mərtəbələrdə yaşayanlar sevinir ki, nə yaxşı birinci mərtəbədə yaşamıram. Elektrik kəsiləndə «Bakıelektrikşəbəkə»yə 50 dəfə zəng edirlər. Amma zirzəmi su ilə dolubsa, ancaq birinci mərtəbədə yaşayan əziyyət çəkir. Yuxarı mərtəbədəkilərin vecinə də olmur. Amma düşünmürlər ki, sulu zirzəmi ümumilikdə bütün bina sakinləri üçün təhlükədir. Çünki ətrafa antisanitariya saçır.