“Duman, sis içində Ay”  dilimizə tərcümə olunub


 Son dövrlər Azərbaycanda bədii tərcümə sahəsində xeyli işlər görülüb. Bizim üçün zaman-zaman uzaq olan və əlimizin çatmadığı yapon şair və yazıçılarının əsərlərini Azərbaycan dilində oxumaq həqiqətən  maraqlıdır.

Tanınmış bədii tərcüməçi, tədqiqatçı-jurnalist Şükür Şənolun yapon ədəbiyyatından tərcümələri də diqqəti çəkir. Bir müddət əvvəl Ş.Şənolun tərcüməsində feodal dövrü yapon ədəbiyyatının klassiklərindən biri olan Ueda Akinarinin novellalarından ibarət “Duman, sis içində Ay” kitabı işıq üzü görüb.

Azərbaycan Yazıçılar Birliyinin “AYB kitab” layihəsinin nəşri olan və “Mütərcim” çap evində işıq üzü görən “Duman, sis içində Ay” kitabının redaktoru yazıçı-dramaturq Elçin Hüseynbəylidir. Kitabın anotasiyasında qeyd edilir ki, U.Akinarinin ədəbi irsi Yaponiyada sevilərək oxunur və çox məşhurdur. “Duman, sis içində Ay” novellalar silsiləsi Akinarinin ən yaxşı əsərləridir. Nağıl, əfsanə süjeti ta qədim zamanlardan bütün xalqların yaradıcılığında geniş yer alıb. Bu keyfiyyətlər, milli yapon məişəti Akinarinin interpretasiyasında özünəməxsus rəng və çalarda, romantizmin realizmlə sintezində, yeni cizgilərlə təqdim olunur. Hətta yapon ədəbiyyatşünasları bunu XX əsr yazıçıları Alber Kamyu və Kobo Abenin roman-pritçaları ilə müqayisə edirlər”.

Nəşrdə U.Akinarinin “Payızgülü bayramında görüş”, “Sevən bir qadının həyat hekayəsi”, “Geri dönən ruh”, “Kibisu məbədi”, “Eşq və şərin şərabı” və “Mavi çalma” əsərləri yer alıb.