Daha göydən alma yox, qapı, pəncərə və beton düşür – Tikinti şirkətlərinin səriştəsizliyi

Sahib Məmmədov: “Tikintini həyata keçirən tərəf ətrafı mühafizə edən qurğular quraşdırmalıdır ki, tikinti materialları ətrafdakı insanlara, nəqliyyat vasitələrinə xələl yetirməsin”

“Bütün hallarda ətrafda olan mühafizə işlərinə görə cavabdeh tikintini həyata keçirən şirkətdir”



Tikinti şirkətlərinin bir çoxu çoxmərtəbəli yaşayış binalarının inşasında müvafiq norma və qaydalara əməl etmir. Bu normalar içərisində təbii ki, təhlükəsizlik qaydaları əsas yeri tutur. 
Vətəndaşların əksəriyyəti mövcud durumdan narazıdır. Onlar həm öz canlarının, həm də şəxsi əmlaklarının təhlükə altında olduğunu bildirirlər. Hətta bir neçə dəfə inşa edilən binadan müxtəlif tikinti qalıqları avtomillərin üzərinə düşüb. Nəticədə avtomobil yarasız hala gəlib. Bəzi tikinti şirkətləri qaydalara əməl edərək zərərçəkənə maddi yardım göstərsə də, buna əməl etməyən çoxlu sayda şirkət var. Bəs, bu prosesə nəzarət mexanizmi necə olmalıdır ki, vətəndaşlara ziyan dəyməsin?




Sualımızı cavablandıran Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının sədri Sahib Məmmədov “Sherg.az”a deyib ki, tikintini həyata keçirən şirkət “Tikinti və şəhərsalma” məcəlləsinə və digər normativ hüquq aktlara, o cümlədən texniki təhlükəsizlik qaydalarına əməl etməyə borcludur.

Ekspertin sözlərinə görə, bu qaydaları pozduqda həmin şirkətlər məsuliyyət daşıyırlar:

“Ona görə də tikintini həyata keçirən tərəf ətrafı mühafizə edən qurğular quraşdırmalıdır ki, tikinti materialları ətrafdakı insanlara, nəqliyyat vasitələrinə xələl yetirməsin. Amma ola bilər ki, müəyyən tikintidə işlər həyata keçirilsin və həmin dövrdə müvəqqəti tədbir olaraq əlavə mühafizə tədbirləri görülsün. Məsələn, yol bağlana, qadağan işarələri qoyula və həmin müddətdə avtomobili saxlamamaq barədə xəbərdarlıq edilə bilər. Belə halda qarşısıalınmaz bir proses kimi, əlbəttə, qaydaları pozaraq nəqliyyat vasitəsi sürücüsünün də məsuliyyəti ola bilər. Yəni, bu hal əks tərəfi məsuliyyətdən azad edə bilər. Amma bütün hallarda ətrafda olan mühafizə işlərinə görə cavabdeh tikintini həyata keçirən şirkətdir. Hətta xəbərdarlıq varsa və kimsə gəlib maşını saxlayıbsa, yenə də tikinti şirkəti bunu görməli, kameralar qurşadırmalı idi”.



S.Məmmədov təəssüflə qeyd edib ki, bəzən dar küçələrdə hündür binalar tikirlər və orada heç bir mühafizə zolağı yaratmaq mümkün olmur:

“Yaxud da yaradılan mühafizə örtüyü davamsız olur. Ağır tikinti materialı müəyyən hündürlükdən düşdükdə insanlara və ya avtomobillərə xəsarət yetirir.
Zərərçəkən vətəndaşlar hesab edirsə ki, tikinti şirkəti tərəfindən ona maddi ziyan dəyib, bununla bağlı məhkəmə qaydasında məsələni qabardıb kompensasiya tələb edə bilər. Ona dəyən ziyan qiymətləndirilərək təqdim olunmalıdır”.